Dünən bazar günü olduğu üçün, gözəl bir məkanda dostlarla oturub kofe içirdik. Günün ikinci yarısı idi. Birdən-birə, dayanmadan telefonuma mesajlar və zənglər gəlməyə başladı. Hamı soruşurdu: Şəmsinin videosuna baxıbsan? Heç nədən xəbərim yox idi.
Bir az keçəndən sonra, həmin iyrənc mənzərənin müxtəlif sosial şəbəkələrdə paylaşıldığını gördüm. Anladım ki, insanların bu mövzuda kütləvi şəkildə mənimlə əlaqə saxlamaq istəkləri, zamanında məhz Şəmsi Səmədoğlu ilə bağlı müzakirələrdə sırf axara qarşı getməyim, onun əsl simasını açıb ortaya qoymağım olub.
Təxminən iki il yarım bundan əvvəl idi. Ölkədə çox böyük səs-küy yarandı ki, ömürlük həbsə məhkum edilən və az qala böyük bir regionun “ağsaqqalı” statusunda təqdim olunan Şəmsi Səmədoğlu azadlığa çıxıb. Onun əsl “qəhrəman “ kimi piarı aparılırdı.
Barəsində hətta miflər də uydurulmuşdu ki, güya bu adamı zamanında Baş prokuror işləmiş Zakir Qaralova şillə vurduğu səbəbindən ömürlük həbsə göndəriblər. Bunun ağ yalan olduğunu əlimin içi kimi bildiyim üçün, məhz onun populyarlığının ən zirvədə olan dönəmində sərt tənqid etdim, daha doğrusu maskasını çırdım. Həmin yazını şərh bölümündə paylaşıram.
Mən hələ o vaxt, Şəmsinin bu gün canlanan mənzərəyə layiq adam olduğunu yazdım. Asan olmadı. Üstümə böyük bir “ordu” gəldi. Hətta Rusiyadan zəng etdilər. “Bizim ağsaqqala dil uzatma”,- kimi xəbərdarlığı belə nəzərimə çatdırdılar.
Bəzi həmkarlarımız mənim Şəmsi ilə bağlı mövqeyimə etiraz edən xüsusi verilişlər belə hazırladılar. Məni mövqeyimə görə sərt qınadılar. Şəmsi isə dünənki addımı ilə nəinki onları məyyus etdi, həm də öz “altını” vurdu.