4 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Pravda.az xəbər verir ki. bu barədə XİN məlumat yayıb.
Nazirlər arasında keçirilmiş geniştərkibli görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə maneə törədən mina təhdidi, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin irəlilədilməsi istiqamətində ölkəmizin səyləri, bu istiqamətdə mövcud çağırışlar qarşı tərəfin diqqətinə çatdırılıb.
Cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində həyata keçirilmiş anti-terror tədbirlərinin ölkəmiz tərəfindən beynəlxalq ictimaiyyətin qarşısında daimi əsasda qaldırılan qeyri-qanuni erməni silahlı qüvvələr təhdidinə qarşı yönəldiyi bildirilib. Görülən tədbirlər nəticəsində suveren ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasının bir daha aydın olduğu diqqətə çatdırılıb.