İlahiyyatçı Hacı Təyyar Hüseynli mətbuata verdiyi son açıqlaması ilə ciddi müzakirələrə yol açıb.
Bizim.media-ya açıqlamasında O iddia edir ki, əgər kişi hər hansı bir xanımla eyni yerdə qalacaqsa, günaha batmamaq üçün siğə edə bilər:
“Yaxud deyək ki, qadına hər hansı bir məsələ üçün toxunmalı olan şəxs naməhrəm sayılmamaq üçün bu dini müqaviləni bağlamalıdır. Qadın estetik əməliyyat zamanı kişi həkimlə siğə etdirməlidir”. Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfanın fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bir otaqda oturduğun qadınla, getdiyin həkimlə siğə etdirmək fikirləri cəfəngiyyatdır:
“İslamda müddətli nikah yoxdur”
“Bu molla-fars rejiminin məqsədli şəkildə dövriyyəyə buraxdığı məsələdir. Onlar Qərbin və Vatikanın tövsiyyəsi ilə İslamı bu cür vasitələrlə gözdən salmaq istəyirlər. Hacı Təyyar Hüseynlinin fikirləri fars mədəniyyətinə, fars ənənələrinə uyğun bir iddiadır. Çünki farslar dünyaya yeni din və yeni dini qaydalar təqdim edir. Bu isə birbaşa İslama qarşı çıxmaq deməkdir. İslamda nikah daimidir. Nikah bağlanarkən orada zaman şərti olmur. Müddətli nikah yoxdur, ola bilməz də. Amma İslamda siğə deyilən bir məsələ var”.
Bəs, siğə nə məsələdir?
“Peyğəmbərin zamanında ordular uzaq səfərlərə çıxırdı. Onların geri qayıtması aylarla vaxt çəkirdi. Ona görə də Peyğəmbərimiz belə səfərlərin birində - Fələstini fəth edəndə bu fətvanı verib. Mədinədən çox uzaq olan bir ərazidə, Muta deyilən bir döyüşdə xeyli əsir götürülür.
Peyğəmbər ordusunda həmin əsirlərə qarşı zinakarlıq edənlər vardı. Bu başıpozuqluğun qarşısını almaq üçün peyğəmbər siğə məsələsini gündəmə gətirir. Beləcə, həm pozğunluğun qarşısı alınır, həm də uzaq yola çıxacaq qadın və kişilərin bir növ sosial hüquqları qorunur.