2018-ci ildə dələduzluq və rüşvət verməyə görə barəsində cinayət işi açılmış və 5500 manat cərimə cəzasına məhkum edilmiş C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim kardioloqu Yeganə Osmanovanın yenidən cinayət törətməsi üzə çıxıb.
Pravda.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin ildə vəzifədən azad edilən və 2019-cu ildə məhkum edildiyi 5500 manat cəriməni ödədikdən sonra işinə bərpa edilən həkim barəsində Cinayət Məcəlləsinin 308 və 313-cü (vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə iş başlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, rüşvətə görə cəzasını ödədikdən sonra əvvəlki işinə geri qayıdan Y.Osmanova bir neçə vətəndaşın saxta yolla əlillik dərəcəsi almasına kömək edib. O, rəsmi sənədlərə uydurma məlumatlar daxil edərək həmin şəxslərin 2022-ci ilədək saxta yolla əlillik müavinəti almasına nail olub və büdcəyə xeyli miqdarda ziyan vurub.