Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Niderland Krallığı hökumətinin açıqlaması ilə əlaqədar yerli medianın “Niderland Krallığının hökuməti Ermənistana yardım ayrılması barədə verdiyi 13 dekabr tarixli açıqlamada “etnik erməni anklavına qarşı Azərbaycanın hücumu nəticəsində 100000 erməninin öz evlərindən güclə qovulduqlarını” bəyan edib. Bu açıqlamaya münasibətiniz nədir?” sualına cavab verib.
Diplomat Niderland Krallığının hökumətinin sözügedən açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlərini qəbuledilməz adlandırıb: “Niderland 30 il ərzində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün işğalçı və təcavüzkar Ermənistan tərəfindən pozulması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütməsi, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktlarını heç zaman diqqətə almayıb.
Azərbaycanın dəfələrlə ərazilərimizdə qanunsuz mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinin bölgədə təhlükə mənbəyi olduğunu bildirməsinə və beynəlxalq hüquqa uyğun olaraq onların dərhal çıxarılmasına dair çoxsaylı çağırışlar etməsinə baxmayaraq, Niderland tərəfinin Azərbaycanın öz ərazilərində həyata keçirdiyi antiterror tədbirlərini tənqid etməsi qərəzli yanaşmanın bariz nümunəsidir.