Kamil Nəzərov 1998-ci ildən Rusiya Federasiyasının Tümen vilayətinin Neftyuqansk şəhərindəki V. İ. Yaçkiv adına Vilayət Klinik xəstəxanasının anestezialogiya və reanimasiya şöbəsində həkim-anestezialoq, reanimatoloq işləyir. Ali dərəcəli həkimdir. Rusiya mama-anestezioloqlar cəmiyyətinin üzvüdür.
Hazırda Kamil Nəzərovun çalışdığı xəstəxanada koronavirusla mübarizə üçün ayrılan infeksion blokda 2 aydır ağır koronaviruslu xəstələrin qəbulu, onların reanimasion tədbirlərinin həyata keçirilməsində iştirak edir.
Həkimin reanimasiya şöbəsində həyata keçirdiyi prosedurların əks olunduğu videoda ikitərəfli pnevmoniya olan xəstənin intubasiya edilərək, süni tənəffüs cihazına qoşulması göstərilir.
Xəstədə arterial qandan qələvi-turşu mühitinin təyini analizi götürülməsi də çətin proseslərdən biridir.
Həkimin sözlərinə görə, bu xəstələrin vəziyyətinin düzgün qiymətləndirilməsi üçün əsas analizlərdəndir.
Oksigen qazının, karbon qazının təzyiqi, pH göstəricisi bu analizlə müəyyən olunur. Xəstədə kəskin respirator distres sindromu hansı ki, koronaviruslu xəstələrin ölümünə səbəb olur, bu göstəricilər əsasında təyin edilir.
Əgər indeks 300-dən aşağı olursa, bu distres sindromudur. 100-dən aşağı olursa, bu artıq çox ağır formasıdır.