Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə məcburi köçkünlərin hazırladığı “Bura mənim evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq Ege Art qısa film festivalının mükafatına layiq görülüb.
Film Amerikada doğulub boya-başa çatmış Ceyhun Qarabağlı adlı gəncin baba yurduna - Cəbrayıl rayonunun Süleymanlı kəndinə səfərindən və oradakı yaşantılarından bəhs edir.
Təqdimat mərasimində Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov və komitənin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev iştirak ediblər.
Nəsimi Nərimanov bildirib ki, filmin xarici ölkələrdə nümayişi qaçqın və məcburi köçkünlərin səsini dünyaya çatdırmaq, işğal dövründə Azərbaycan ərazilərində Ermənistanın törətdiyi urbisid və ekosidi göstərməkdir.
Cəbrayıl rayonunun işğal altında olduğu 30 ilə yaxın müddətdə ermənilərin azərbaycanlı əhalinin yaşayış yerlərini, buradakı fərdi evləri və inzibati binaları necə xarabalığa çevirmələri, ətraf mühitə və ekologiyaya sağalmaz yaralar vurmaları filmdə öz əksini tapıb.
Qeyd olunub ki, film məcburi köçkünlər tərəfindən hazırlanıb. Rejissor Ağdam rayonundan məcburi köçkün Nicat Cəlilovdur. Onun həm özü, həm də atası Kərim Cəlilov Qarabağ müharibəsinin iştirakçısıdır. Filmin çəkiliş heyətinin digər üzvləri - İsa İsmayılov Laçın, Əsgər Xudiyev Cəbrayıl, Fuad Cəfərov Ağdam rayonundan məcburi köçkünlərdir.