Azərbaycanda dələduzluqla bağlı barəsində aparılan araşdırmaya görə özünü ölmüş kimi təqdim edən “Kaspian İnşaat MB” MTK-nın direktoru Rafət Qəniyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlərlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin gəlmədiyi məlum olub.
Hakim deyib ki, məhkəmə tərəfindən zərərçəkmişlərin məhkəməyə məcburi gətirilməsi ilə bağlı da qərar çıxarılıb. Buna baxmayaraq, onların prosesdə iştirakı təmin olunmayıb. Qərarın icra olunması istiqamətində addımlar atılacaq.
Qeyd edək ki, “Kaspian İnşaat MB” tikinti şirkətinin direktoru olmuş Qəniyev mənzil dələduzluğunda ittiham olunur. İddia olunur ki, o, direktoru olduğu şirkətin tikdiyi binada eyni mənzilləri müxtəlif adamlara satıb.
Rafət Qəniyev deyib ki, özü haqqında ölmüş təsəvvürü yaratmaq şəxsi fikri olub. Öz beyninin məhsulu olduğunu deyən təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün bu yolu düşünüb.
Ötən məhkəmə iclaslarında ifadə verən Rəhman Rəhmanov deyib ki, “Kaspian İnşaat MB” şirkətinin Yasamalda tikdiyi binada 2012-ci ildə ev alıb. Bir neçə ay sonra bilib ki, evini başqasına satıblar: “Evimin orderini başqası mənə göstərdi. Amma mən evdən çıxmadım. Polisə müraciət edəndə bildim ki, evimi 3 nəfərə satıblar. Evdə yaşaya-yaşaya, məndən soruşmadan evimi ipotekaya salıb, satıblar”.
Rəhman Rəhmanov hesab edib ki, bu işləri görmək təkcə Qəniyevlik deyil. Onun fikrincə, proseslərdə iştirak edən başqa adamlar da olub: “Bu işləri görmək onun başı üçün deyil. Ona kimsə kömək edib”.
Rafət Qəniyev təsdiqləyib ki, Rəhman Rəhmanovun mənzilini 3 nəfərə satıb. Deyir ki, onun mənzilinin nömrəsi 37 idi. Dəyişib 38 edib və beləliklə, başqasına satıb.