Bakının Baş planının icrasına ilk olaraq Nərimanov rayonu ərazisində Montin qəsəbəsi kimi tanınan ərazidən başlana bilər. Başqa sözlə, burada bütün infrastrukturun yenilənməsi nəzərdə tutulur.
Xezerxeber.az-ın məlumatına görə, pilot layihə ərazisi Bakının mərkəzi hissəsinin şərqində, Heydər Əliyev prospekti ilə Babək prospektinin arasını əhatə edir. Ərazi şərqdən və cənubdan dəmiryolları ilə sərhədlənir.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev bildirib ki, məqsəd Baş planın ümumi parametrlərinin sözügedən inkişaf ərazisinə tətbiq etməkdir.
Burada ən üstün şəhərdaxili inkişaf planı icra ediləcək. Yaşayış, iş və sosial mühiti bir məkanda cəmləşdirən ərazidə yaşayış məhəllələri və bloklaşdırılmış evlər inşa edilə bilər.