Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən verilən məlumata görə, görüş zamanı Azərbaycan və qardaş Türkiyə arasında dinamik əməkdaşlıq gündəliyi, habelə parlamentlərarası və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov qardaş ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin intensiv inkişafını məmnuniyyətlə vurğulayıb və qarşılıqlı səfərlərin bu münasibətlər üçün vacibliyini qeyd edib. Nazir Ceyhun Bayramov həmçinin Azərbaycan Respublikası və Türkiyə Respublikası dövlət qurumları arasında intensiv işçi təmasların ikitərəfli münasibətlərə böyük töhfə verdiyini diqqətə çatdırıb.