DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi “Narkotələ-40” adlı əməliyyatlar keçirib.
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi fevral ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 40-dan artıq əməliyyat keçirib. Nəticədə 52 nəfər və 3 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 10-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan şəxslərdir. Əməliyyatlarla “qara bazar”-da dəyəri 5 milyon manat olan 151 kiloqram (heroin, tiryək, marixuana, metamfetamin) narkotik vasitə və 4751 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib. İlkin dindirilmə zamanı saxlanılan şəxslərin əksəriyyətinin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri əsasən paytaxt ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub.