Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbiylə Azərbaycanda toylar daxil olmaqla, bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır. Buna görə də, gəlir yeri yalnız konsertlər, toylar olan musiqiçilər üç aydır işsiz qalıb.
Bəs bu vəziyyət müğənnilərə maddi baxımdan necə təsir edib?
Xalq artisti Brilliant Dadaşova qeyd edib ki, toyların yoxluğu onun maliyyə vəziyyətinə böyük təsir göstərib:
“Əlbəttə ki, dünyanı sarsıdan bu bəla bizim ailəmizin büdcəsinə böyük zərbə vurdu. Studiya, TV və başqa xərclərim olduğuna baxmayaraq, yanvar ayından mənim heç bir gəlirim olmayıb. Nəzərə alsaq ki, bizim ailəmiz sadəcə üç nəfər: yoldaşım, oğlum və məndən ibarətdir. Lakin çoxsaylı ailə üzvlərimizin, yanımda çalışanların sosial tələbatlarını ödəmək bizim üçün çətinləşdi. Nə yaxşı ki, həyat yoldaşımın, oğlumun maaşları dövlət tərəfindən ödənilirdi. Mənim də “Xalq artisti” fəxri adına görə aldığım 150 AZN iki ildən çoxdur ki, toplanırdı. Onu da kartdan çıxarmağa başladım. Nəticədə yenə də çətin vaxtımızda dövlətimiz bizə arxa-dayaq oldu”.
Müğənni Xatirə İslam toylarla bağlı vəziyyətin uzun müddətdir ürəkaçan olmadığını bildirib:
“Son 3 ay yox, bundan əvvəl də toylarla bağlı vəziyyət ürəkaçan olmayıb. Durğunluq dekabr ayından etibarən başladı. Bu dövrlərdə pulum demək olar ki, bazarlıqlara getdi. Uzun müddətdir vergi ödəyicisiyəm. Konpensasiya ilə zəng vurub maraqlandım, amma düşündüm ki, hamı çətin vəziyyətdədir. Mən də ora verdiyim pulu gedib yenidən alım?! Vallah utandım. O pulla cəmi iki bazarlıq edəcəkdim, bəs sonra?”
Müğənni Günay İbrahimli:
“Vergi ödəyicisiyəm və ödənişlərimi vaxtında edirəm. Karantindən öncə də vergini ödəmişəm. Amma koronavirusla əlaqədar ödənilən maliyyə yardımından yararlanmamışam. Toy və konsertlərin olmaması ilə bağlı maliyyə vəziyyətimə gəldikdə isə gəlir yoxdur, amma xərclər dayanmır. Bizim qazancımız hər kəsə məlum olduğu kimi toy, xına məclisləri, ad günü və tədbirlərdəndir. Bu tədbirlər də hazırda yoxdur. Bu günümüzə şükür. İnanıram ki, bu vəziyyət tezliklə düzələcək”.
Murad Arif:
“Xaraktercə hər zaman ehtiyyatlı davranmağı xoşlayıram. Bilirsiniz ki, sənət insanları ilin 6 ayı onsuz da işləmir, qazancsız yaşayır. Bu səbəbdən istər-istəməz müəyyən ehtiyatlarımızı yaratmalıyıq. Söhbət məndən gedirsə, mahnılar bəstələyirəm, bu tipli kommersiya sifarişlərim olur. Daha sonra aparıcılıq edirəm, layihəmin sponsoru var. Bu şəkildə gəlirim olur. Həyatımı tamamilə məclislərə bağlamamışam. Müəyyən mənada səhnə üçün darıxmışam. O baxımdan işsizəm. Mütəmadi olaraq vergimi ödədiyim üçün nəzərdə tutulmuş məbləğ bizə də yönləndirildi. Miqdarını açıqlamayacam, yaradılan şərait üçün təşəkkür edirəm. Kifayət qədər yaxşı məbləğdir ki, sənətçi yaradıcılığına davam etsin. Yəni məbləği aldım, tamamilə razıyam”.
Müğənni-xanəndə Gülay Zeynallı: