Martın 11-dən dünya müsəlmanlarının müqəddəs ayı olan Ramazan başlayıb.
Bəs müsəlmanların həyatında Ramazanın önəmi nədən ibarətdir?
Ramazan ayında oruc tutmaq İslamın tələb etdiyi əsas beş şərtdən biridir. Orucun 624-cü ildə Məhəmməd peyğəmbər tərəfindən təsis edildiyi güman edilir. Rəvayətə görə, Ramazan ayı gecələrindən birində Məhəmməd peyğəmbərə ilk vəhy nazil olur. Müqəddəs Quran kitabı məhz bu ayda yazılmağa başlayır. Ramazan ayı müsəlmanlara imanlarının gücünü təsdiqləməyə, nəfsi idarə etməyə və mənəvi təmizlənməyə kömək edir.
Ramazan ayında oruc tutanlara tapşırılır ki, daxili saflığı qorusunlar, insanı murdarlayan fikirlərdən, vəsvəsələrdən və hərəkətlərdən uzaq olsunlar. Bu ayda sədəqə və yemək paylamaqla yoxsullara kömək edilməlidir.
Orucun başlama və sahurun qurtarma vaxtı imsak vaxtıdır. İmsak eyni zamanda gecənin sona çataraq yatsı namazının vaxtının qurtarıb sübh namazının vaxtının girdiyi andır. Odur ki, əgər azan imsak vaxtına müvafiq oxunursa, azan başlayana qədər yemək olar, hətta azan başladığı ərəfədə ağızda olan loxmaların da udulmasında hər hansı bir qəbahət yoxdur. Lakin azan təqvimdə göstərilən imsak vaxtından bir qədər sonra oxunursa, belə olan təqdirdə azana qədər yemək olmaz.
Oruc tutan müsəlmanların gün batandan sonra yemək yemələri iftar adlanır. İftar süfrəsinə ilk olaraq su gətirilir. Daha sonra qatıq və ya ayran verilə bilər. Ramazan ayında iftar süfrəsinə adətən qohumlar, yaxınlar dəvət olunur. Belə bir rəftar müsəlmanların birliyini vurğulayır, ilahi bir iş sayılır və günahların bağışlanmasına kömək edir.