Martın 20-21-də Yeni Kaledoniyanın paytaxtı Numea şəhərindəki Cocotiers meydanında müxtəlif şüarlarla etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər.
Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, bu, 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea Sazişinə ziddir. Onlar bildirirlər ki, qanunsuzluqlar ona görə edilir ki, seçkilərdə yeni iştirakçılar (Fransadan məqsədli köçürülmüş fransızlar) üçün yol açılsın. Ona görə də aksiya iştirakçıları “Prezident Makronun konstitusiya islahatlarına”, "Fransız dövlətinin destabilizasiya manverlərinə" yox deyirlər.
Aksiyada çıxış edən Yeni Kaledoniya parlamentinin Ailə və Qadınların hüquqları komissiyasının sədr müavini Marie-Line Sakilia beynəlxalq ictimaiyyəti kanaklara dəstək olmağa çağırıb: "Azərbaycana kanak əhalisinin müstəqillik və suverenliyi uğrunda apardığı mübarizəyə dəstək verdiyinə görə təşəkkürümüzü ifadə edirik. Biz Bakı Təşəbbüs Qrupuna da beynəlxalq ictimaiyyətin diqqətini bizim problemimizə cəlb etməyə yardım göstərdiyi üçün minnətdarlığımızı ifadə edirik".