Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib və şahidlər dindirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin vəkili məhkəməyə Fazil Mustafanın ərizəsini təqdim edib və bildirib ki, müvəkkili ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir.
Daha sonra şahidlərdən əvvəlcə hazırda məhkumluq həyatı yaşayan Xəyyam Musayev ifadə verib: "Təqsirləndirilən şəxslərdən yalnız Rəşad Əhmədovu tanıyıram. Uşaqlıq dostum olub. Rəşad mənə tapançanı verərək özümdə saxlamağı xahiş etdi, mən də saxladım. Daha sonra məni həbs etdilər. Silahı başqasına 800 manata satdım".
Daha sonra şahid qismində polis əməkdaşları ifadə veriblər. Onlar təqsirləndirilən şəxslərdən yalnız Rəşad Əhmədovu tanıdıqlarını deyiblər. Polis əməkdaşları bildiriblər ki, həmin gün növbətçi hissəyə Rəşad Əhmədovun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və silah gəzdirməsi ilə bağlı məlumat daxil olub. Şahidlərin sözlərinə görə, onu idarəyə aparıb axtarış ediblər və onun üzərindən metamfetamin aşkarlanıb.