Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mevlüt Çavuşoğlu ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regionda mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov hansı vəzifədə çalışmasından asılı olmayaraq, Azərbaycan və Türkiyə arasında mövcud möhkəm qardaşlıq və dostluq münasibətlərinə verdiyi töhfələrə görə Mevlüt Çavuşoğluna təşəkkür edib.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu qeyd edilib. Xüsusilə, ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərindən sonra baş tutan andiçmə mərasimində möhtərəm cənab Prezidentin TDT ilə bağlı qeyd etdiyi tarixi fikirlərin sözügedən Təşkilatın inkişafı ilə bağlı səylərimizin bundan sonra da davam etdiriləcəyini sübut etdiyi vurğulanıb.