Dünəndən etibarən ABŞ-da Azərbaycan rəsmilərinə qarşı sanksiyalar məsələsinin gündəmə gəlməsi içimizdəki satqınların da absurd iddialarına yenidən start vermələrinə səbəb olub. Budəfəki yalanın əsas motivi isə Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya mövzusu ilə əlaqələndirilməsidir.
Guya ki, Qubad İbadoğlu məhz ABŞ-ın sanksiyalarına görə ev dustaqlığına buraxılıb.
Bu iddianı ortaya atanların hansı təfəkkürdə olduqlarını elə buradan görmək olar. Çünki ən bəsit hüquqi savadları və utanan üzləri olsa idi, cəmiyyətə yalanlarını belə sırımağa çalışmazdılar. Bu “ağıllı”lar ən azı düşünərdilər ki, kiminsə haqqında hər hansı məhkəmə qərarının verilməsi bir günün, bir həftənin işi deyil. Bu bəzən aylarla davam edən prosesin nəticəsi ola bilər.
Eynilə də, bu “dahi”lər elə bilirlər ki, hansısa konqresmenin sanksiya çağırışı etməsi ilə o dəqiqə hər şey yekunlaşacaq. Əslində ürəklərindən keçən də odur. Amma onların bu istəyi “ac toyuğun yuxusunda darı görməsi”nə bənzəyir.
Amma sanksiyaların qəbulu uzun müzakirələr və bürokratik proses tələb edir. Belə ki, məsələyə əvvəlcə Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində baxılmalı, orada təsdiqlənərsə, Nümayəndələr Palatasında səsverməyə çıxarılmalıdır. Səsvermədən keçəcəyi halda Senatın Xarici İşlər Komitəsində baxılmalı, orada qəbul olunarsa, Senatda səsverməyə çıxarılmalıdır. Senat tərəfindən qəbul edilərsə, imzalaması üçün ABŞ prezidentinə təqdim edilməlidir.
Bəs bizim “müxalifətçi”lərimiz niyə belə yalanlar tirajlayırlar?
Təbii ki, onlar da reallıqların fərqindədirlər. Qeyd etdiyimiz hüquqi prosedurlara da bələddirlər. Yəni, yalanı bilməyərəkdən, cahilliklərindən danışmırlar. Bilə-bilə cəmiyyəti aldadırlar. Əsas məqsədləri də Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasını özlərinin uğuru kimi təqdim etməkdir. Guya ki, onların “mübarizə”si nəticəsində İbadoğlu ilə bağlı sözügedən qərar verilib.
Onların variantlarına az-çox bələd olan hər kəs yaxşı bilir ki, bu “müxalifət”çilərin ənənəvi taktikasıdır. Həmin şəxslər bilib-bilmədən, hər mövzu haqqında çərənləyirlər. “Sınıq saat belə gündə iki dəfə düz göstərir” misalında olduğu kimi, “proqnoz” və ya “çağırış” etdikləri yüz məsələdən biri reallaşanda dərhal onu öz uğurları kimi təqdim edirlər. Guya ki, bütün dünya bunların dediklərini etmək üçün səfərbər olub.
Sanksiyaların səbəbinə gəlincə...
Adətən, sanksiyalar ölkələrə iqtisadi zərbə vurmağa hesablanır. Lakin mətbuatda yayılan sanksiya siyahısına nəzər saldıqda görərik ki, sözügedən şəxslərin heç bir biznes fəaliyyəti yoxdur. Yəni onlara qarşı hər hansı sanksiyaların tələb edilməsinin məntiqi bir səbəbi yoxdur. Ancaq yayılan siyahıdakı adları birləşdirən bəzi ortaq cəhətlər var.
Ən əsas məqam isə onların erməni faşizminə qarşı mübarizədə ən ön sırada, canla-başla xidmət etmələridir. Sözügedən şəxslərin bəziləri hərbi, bəziləri isə diplomatik müstəvidə Azərbaycanın haqq savaşında mübarizə aparıblar.