"Signify" şirkətinin rəhbərliyi ilə Azərbaycan Prezidentinin videogörüşü ölkəmizin qeyri-neft sektorundakı uzun müddətli texnoloji əməkdaşlığının sübutu kimi qəbul olunmalıdır. Məlum olduğu kimi “Signify” 1891-ci ildə yaradılıb, 74 ölkədə fəaliyyət göstərir, 140 ölkədə isə xidmət və məhsul satışı həyata keçirir, işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir. Dünyanın bu cür böyük və aparıcı şirkətlərindən birinin Azərbaycanla əməkdaşlığa can atması həm ölkəmizin nüfuzundan, eləcə də yaradılmış əlverişli biznes və sərmaye mühitindən qaynaqlanır.
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Yusif Bağırzadə Prezident İlham Əliyev "Signify" şirkətinin rəhbərliyi ilə videosöhbətdə səsləndirilən fikilərə münasibət bildirərəkən deyib.
O hesab edir ki, dünyadakı bu cür aparıcı trendlərin Azərbaycana gətirilməsi, ölkəmizin bu şirkətlərlə əməkdaşlığı çox uğurlu bir addım kimi qiymətləndirilməlidir:
"Bilirsiniz ki, Azərbaycanda həyata keçirilən “Ağıllı şəhər” layihəsinin ilk olaraq Bakı və Sumqayıtda reallaşdırılması nəzərdə tutulub. Lakin artıq prezidentin də qeyd etdiyi kimi, rəqəmsallaşma prossesinin, ağıllı sistemlərin quraşdırılmasının bütün ölkə boyu həyata keçirilməsi istiqamətində işlər aparılır. İşıqlandırma sistemi özü də “Ağıllı şəhər” layihəsinin tərkib hissələrindən biridir, desək, yanılmarıq. “Signify” şirkəti isə yuxarıda da qeyd etdiyim kimi, bu sahədə dünyada bir nömrəli şirkət hesab olunur".