"Yüksək vəzifə sahiblərinin hansı dildə danışması deyil, nə danışması önəmlidir”.
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış jurnalist Bahəddin Həziyev Ağstafa Rayon İcra Hakimiyyətinin yeni başçısı Seymur Orucovun ingilis dilində çıxışının sosial şəbəkələrdə və mətbuatda gündəmə çevirlməsi haqda fikir bildirərkən vurğulayıb.
"Gündəmə baxın: yeni icra başçısı təyin edilmiş hansısa uşağın ağzı ingiliscə qatıq kəsməyib; Şekspirin dilində biabırçı danışıb... Yox, faciə bu deyil; o uşaq bizim hədəfimizdən görünməz dərəcədə aşağıdadır. Çox qəribə olan başqadır: bəziləri elə bilir ki, kim ingiliscə bilirsə, hər şeyi bilir və onlara yüksək vəzifələr verirlər. Bu yarımçıq "məntiq" yiyələri 30 il bundan qabaq elə bilirdi ki, rusca bilən hər şeyi bilir. Daha əvvəl farsı biləni başbilən sayırdıq. Ərəbə gəlincə isə, 11 əsrdir ki, ərəbcə qırıldadana az qala ilahi qüvvənin yer üzündə təcəllası kimi baxırıq (mollaların yaslarda, qəbristanlıqlarda oxuduğu dua "konspekt"lərinə baxsaq, görəcəyik, qədim ərəbcəni (o da necə ərəbcədirsə artıq!) kiril əlifbası ilə transkripsiya edib gözə kül üfürürlər. Bir az daha savadlıları latın hərflərinə qədər xeyli "inkişaf" edib... Rəhmətlik Eldar Baxış demişkən, ölümüzlə ərəbcə, dirimizlə rusca... Bu gün sağ olsaydı, "rusca" sözünün yanına bəlkə başqa bir dilin də adını yazmalı olardı. Və indiki "elita"ya baxsaq, tək bircə öz türk dilimizi bilməmək onlar üçün ayıb sayılmır. ..” – baş redaktor qeyd edib.