2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Çingiz Mehdiyev ifadəsi zamanı həyat yoldaşının ona qarşı əsassız ittihamlar irəli sürdüyünü deyib: "Amerikada banklarda işləmişəm. İşlədiyim müddətdə heç zaman pozuntulara yol verməmişəm. Maliyyə sektorundan ayrılandan sonra avtomobil idmanı sahəsinə keçdim. Pilot akademiyasının yaradılması barədə layihəm vardı. Bu layihə ilə bağlı o zamankı gənclər və idman naziri Azad Rəhimovla görüşdüm. Nazir layihəni bəyəndi. Daha sonra dedi ki, bu layihənin büdcəsini hazırla. Lahiyə pilotların hazırlanması, akademiyanın tikilməsi, müəllimlərin hazırlanması və başqa məqamları əhatə edirdi.
Sonra Azad Rəhimov mənə dedi ki, indi ölkə üzrə daha vacib layihələr var, mütəxəssis olduğum üçün məni 2015-ci ildə "Formula-1"-də işə götürdülər. İşə götürüləndə vəzifəm əməliyyatlar şöbəsinin rəisi idi. 2016-cı ildən isə vəzifəmin adı dəyişdi, idman əməliyyatları üzrə menecer oldum.
Avtomobil idmanında təcrübəm olduğu üçün mənə super lisenziya verdilər. Bu lisenziya əsasında da Formula-1 keçirmək olardı. Bu şəxsə verilən lisenziya idi. Yarışın keçirilməsi üçün xüsusi məhsullar alınmalı idi. Bu məhsullar da Azərbaycanda istehsal olunmurdu. Bu məqsədlə direktor Arif Rəhimov və satınalmalar üzrə direktor Zaur Məlikaslanovla birgə xaricə getdik, həmkarlarımızla görüşdük. Geri qayldandan sonra məhsulların satın alınması üçün 90 milyon manat vəsait ayrıldı. Bəzi məhsulların alınmasında çətinliklər yaranmışdı. Bu iş üzrə Azərbaycanda ixtisaslaşmış şirkət və ya ekspert yox idi. Ona görə də bu problemi həll edilməsi mənə tapşırıldı. Qiymətlərlə bağlı Cenevrədəki ofislə danışdım. Mənə əlaqələr verdilər. Qiymətlərlə bağlı konsultanların qiyməti saat başı hesablanır. Danışdığım şirkətdə qiymət ucuz idi. İki ay ərzində ümumi 350 min dollar edirdi.
Malların tədarükü ilə bağlı görüşlər keçirdik. Zaur Məlikaslanov xüsusi mallar haqqında anlayışı olmadığını dedi. Mənə deyildi ki, təcili minimal qiymətlərə həll etməliyəm. Mən də Dayton şirkətini təklif etdim. Mallar sifariş verildi və Dayton şirkətinə pul ödənildi.
Mənə maraqlıdır ki, prokurorluğun mütəxəssisləri 389 min manat yeyintini necə hesablayıblar? Mənə bu maraqlıdır. 9 il əvvəl olan yarışa alınmış malların dəyəri necə hesablanıb".