Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı 19 may saat 23:59-dək internet vasitəsilə aparılır.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu il mayın 5-də keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (60 manat) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçirlər.
Rezidenturaya qəbul imtahanın 1-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyatdan keçməyən namizədlər də 1-ci mərhələnin 2-ci cəhdinə yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet“ yaratdıqdan sonra (şəxsi kabineti olmadığı halda) ərizə vermək üçün tələb olunan məbləği (60 manat) “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu namizədlər http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) namizədlər qeydiyyatdan keçmiş hesab olunurlar.
Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdinin iyunun 23-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə avqustun 4-də keçirilməsi planlaşdırılır.