Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus olan villanın qapısının daşla hörülməsi ilə bağlı qalmaqal səngiməmiş “POSAT” Bağ Tikinti Kooperativinin 28 üzvü də ayağa qalxıb.
Onlar ölkə rəhbərliyindən Hacı Qalib Salahzadənin onlara məxsus 4, ümumilikdə isə 5.3 hektar bağ torpaq sahəsinin zəbtdən azad olunmasını xahiş edirlər. “Keçmiş deputat və keçmiş bələdiyyə sədri Qalib Salahzadə heç bir əsası, kötüyü olmayan bir kağızı əlinə alıb. Həmin kağızı özü Bilgəh bələdiyyəsinin sədri olarkən yazıb. Bələdiyyə sədri kimi kooperativə məxsus 4 hektar torpaq sahəsini vəfat etmiş nənəsi Kübra Camalovanın adına həyətyanı sahə kimi verib. Əlavə olaraq da 1.3 hektar torpağı da həmin 4 hektara qataraq yekun olaraq 5.3 hektarı nənəsinin adına rəsmiləşdirib. Respublikanın hansı bir yerində qoca arvada həyətyanı sahə olaraq 5.3 hektar torpaq verirlər? Məhkəmələrdə Hacı Qalibdən nənəsinin adına verdiyi sənədin kötüyünü tələb edirlər, yazır ki, Bilgəh Bələdiyyəsində yanğın olub, arxiv yanıb. Saxtakarlığı bu şəkildə ört-basdır edirlər” – bu sözləri redaksiyamıza müraciət edən “POSAT” Bağ Tikinti Kooperativinin sədri Yusif Nağıyev deyib. Onun sözlərinə görə kooperativin 28 üzvü sabiq deputat Hacı Qalib Salahzadənin onlara aid 4 hektar torpaq sahəsini zəbt etməsindən şikayətçidirlər: “Hacı Qalib Salahzadə nənəsi Kübra Camalovanın adına Bilgəh bələdiyyəsinin sənədini 2005-ci ildə çıxarıb və bizə məxsus 4 hektar ərazini də digər 1.3 hektar torpağa qataraq hasarlamaqla zəbt edib.
Halbuki həmin bağ torpaq sahəsi 5 hektar olmaqla Bakı Şəhər Xalq Deputatları Sovetinin İcrayə Komitəsinin (XDS İK) 7 may 1976-cı il tarixli 25/247 nömrəli qərarı ilə keçmiş Azərbaycan SSR Tikinti Nazirliyinə ayrılıb. Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı ilə həmin ərazinin 4 hektarı kooperativ bağların tikintisi üçün ayrılıb. Tikinti Nazirliyinin tabeliyindəki “Tikintiavtonəqliyyat” İstehsalat Birliyinin nəzdində həmin idarənin qısaldılmış abreviaturasını əks etdirən “POSAT” (Производственное Обьядинение СтройАвтоТранспорт) Bağ Tikinti Kooperativi təsis edilib və keçmiş Şaumyan (indiki Xətai rayonu) rayon XDS IK-nın 27 oktyabr 1989-cu il tarixli 81/58 nömrəli qərarı ilə həmin Kooperativ qeydiyyatdan keçib. Hacı Qalib Salahzadə ərazinin kooperativə məxsus olduğunu bildiyi halda ərazini zəbt edib. Bu gün həmin ərazi oğlu Əliabbas Salahzadənin adınadır. Cibində deputat mandatı gəzdirən Əliabbas Salahzadənin atası tərəfindən zəbt olunmuş kooperativə məxsus bağ torpaq sahəsinin adına keçirilməsi də əslində kriminaldır. Əliabbas Salahzadə gec-tez bu qanunsuzluğa görə Azərbaycan hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacaq”.

“POSAT” BTK üzvləri Musavat.com-a deyiblər ki, kooperativə məxsus 4 hektar bağ torpaq sahəsinin qanunsuz olaraq zəbt olunması ilə bağlı qalaq-qalaq məhkəmə qətnamələri, qərarları var. Amma Azərbaycan dövləti adından verilən qərarlar icra olunmur, 15 ildən çoxdur ki, kooperativ üzvləri torpaq sahələrinə yaxın düşə bilmirlər: “Bu qədər göz önündə olan saxtakarlığı dövlət qurumları görmək istəmirlər. Bizə məxsus 4 hektar torpaq sahəsini və əlavə olaraq 1,3 hektar qonşu torpaq sahəsini həyətyanı torpaq sahəsi kimi Hacı Qalib Salahzadə nənəsi Kübra Camalovanın adına özəlləşdirib və sonradan oğlu Əliabbas Salahzadənin adına rəsmiləşdirib. Bu, absurd və qanuna tüpürməkdir. Çünki bələdiyyə sədrinin verdiyi sənədlərin saxtalığına və qanunsuzluğuna əmin olmaq üçün nə ekspert lazımdır, nə də məhkəmə hakimi. Vaxtilə Bilgəh bələdiyyəsinin sədri olan Fazil Rüstəmovun imzası var. Vəfat etmiş adamın adına torpaq sahəsində kadastr almamış BTİ çıxarış verib. Üzvləri olduğumuz “POSAT” Bağ Tikinti Kooperativinə 4 hektar torpaq sahəsi 1989-cu ildə ayrılıb”.

