Xəbər verdiyimiz kimi, Naxçıvanda N saylı hərbi hissənin komandiri, polkovnik Samir Həziyev həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib. "Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Samir Həziyev ötən ay itkin düşmüş, sonradan qətlə yetirilmiş halda tapılan əsgər Hüseynov Ceyhun Tofiq oğlunun cinayət işi ilə əlaqədar istintaqa cəlb edilib.
Polkovnik Ceyhun Hüseynovun xidmət etdiyi hərbi hissənin komandiri olub.
Aparılmış istintaqla müəyyən edilib ki, əsgər Hüseynov hərbi hissəni icazəsiz tərk edib və meyiti 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilib.