Azad Demokratlar Partiyasının sədri, 1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini postunu tutmuş Sülhəddin Əkbər son müsahibəsində bir sıra maraqlı və diqqət çəkən açıqlamalar verib. Həmin açıqlamalar onun KQB arxivlərinin açılması, AXC rəhbərliyindəki şəxslərin bəzilərinin Rusiya xüsusi xidmət orqanlarının agenti olması və digər məsələlrlə bağlı fikirlərini əhatə edir.
Sülhəddin Əkbərin ictimai marağa səbəb olan müsahibəsi ilə əlaqədar Azərbaycanın mərhum Prezidenti Əbülfəz Elçibəyin mətbuat, məktublar və məxfi sənədlər üzrə köməkçisi, habelə həmin illərdə Dövlət Müdafiə Komitəsinin katibi postunu tutmuş Oqtay Qasımov müsahibə verib.
Pravda.az müsahibəni təqdim edir:
– Oqtay bəy, cəbhə hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini postunu tutan Sülhəddin Əkbər son müsahibəsində qeyd edib ki, həmin vəzifəyə özünün xəbəri olmadan təyin olunub. O zaman cəmi 32 yaşı olan S.Əkbərin ona tanış olmayan strateji əhəmiyyətə malik bir nazirlikdə yüksək posta təyin edilməsini necə izah etmək olar?
– Əslində, buna normal yanaşmaq lazımdır. O dövrdə Ayaz Mütəllibov Konstitusiyanı pozmuşdu. Həmin vaxt Konstitusiyanın bərpası prosesi başladı, AXC hakimiyyətə gəldi və danışıqlar prosesində razılaşma əsasında təyinatlar baş verdi. Yaqub Məmmədov Fəxrəddin Təhməzovu nazir vəzifəsinə təklif etdi, Arif Hacılı isə birinci müavin kimi Sülhəddin Əkbərin namizədliyini irəli sürdü. Yəni bunlar danışıqlar prosesinin nəticəsi olaraq üzə çıxan təyinatlar idi. Həmin vaxt İsgəndər Həmidov da Daxili İşlər naziri təyin edilmişdi. Bu təyinatlar faktiki hakimiyyətdə olan Yaqub Məmmədovla aparılan danışıqların nəticəsində gerçəkləşmişdi. Burada ziddiyətli bir məsələ yoxdur.
– Sülhəddin Əkbər ona arxivlərə baxmasına imkan verilmədiyini bildirir. Qəribədir, necə ola bilər ki, Milli Təhlükəsizlik nazirinin birinci müavini arxivlərə baxmaq istəyir, amma onu bu vəzifəyə gətirən hakimiyyətin yüksək vəzifəli şəxsləri buna mane olur?
– Məncə, Sülhəddin Əkbər bu məsələdə konkret danışmalıdır. Əvvəla, ona kim imkan verməyibsə, onun adını çəkməlidir. İkincisi, arxivlərin açılmasına dair 1992-ci ilin oktyabrında Milli Məcisdə müzakirələr gedib. Arxiv və agentura şəbəkəsinin açılmasının əleyhinə çıxış edənlərdən biri də Sülhəddin bəyin özü olub. Eləcə də nazir Fəxrəddin Təhməzov arxivlərin açılmasının əleyhinə olub. Həmin vaxt Milli Məclis normativ hüquqi aktların hazırlanmasına dair qərar qəbul edib. “Azərbaycan” qəzetinin 22 oktyabr 1992-ci il tarixli nömrəsinə baxa bilərsiniz, orada Sülhəddin Əkbərin çıxışı dərc edilib.
– Sülhəddin Əkbər açıq bildirir ki, AXC hakimiyyətində KQB iləəlaqəsi olan, agentura işinə cəlb edilən şəxslər olub. Sülhəddin bəy hətta bununla bağlı siyahı tərtib edərək, onu Prezidentə təqdim edib…
– Əslində, Sülhəddin bəyin dediyi həmin siyahıda cəmi iki nəfərin – Pənah Hüseynlə İsa Qəmbərin adları olub. Bu, elə də qapalı məsələ deyil. Sülhəddin bəy zamanında mətbuatda bu haqda fikirlər işlədib, amma sonradan bunları təkzib edib.
– Bu məqamda müəyyən anlaşılmazlıq var. Sülhəddin Əkbər müsahibəsində bir neçə dəfə vurğulayıb ki, İsa Qəmbərlə yaxın olub və bəzi fikirlərini yalnız onunla bölüşüb. Belə olan halda, əgər İsa Qəmbər KQB agenti idisə və Sülhəddin bəy bunu bilirdisə, nədən fikirlərini məhz onunla bölüşürdü, sonra isə Prezidentə təqdimat verirdi?…
– Bəli, məsələnin ən ziddiyyətli tərəfi də budur. Prezidentə gedib deyirsən ki, bu adamlar agentdir. Həmin adamlar da sənin nazir təyin olunmağını təklif edir. Amma Əbülfəz Elçibəy bunu qəbul etmir. Əsas məsələ də budur. Sizə deyim ki, Sülhəddin bəyin son müsahibəsində tarixlə, faktlarla və hadisələrlə bağlı bir sıra anlaşılmazlıqlar var.
– Konkret nəyi nəzərdə tutursunuz?
– Məsələn, Sülhəddin bəy deyir ki, Naxçıvanda Milli Təhlükəsizlik Nazirliyi Heydər Əliyev Ali Məclisin sədri olana qədər ləğv edilmişdi. Bu, doğru məlumat deyil. Heydər Əliyev 1991-ci ilin sentyabrın 3-də Naxçıvan Ali Məclisinin sədrliyinə gəlib. Noyabrın sonunda isə Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. O zaman nazir Mirzəyev soyadlı şəxs idi. Mehri dəhlizinin açılması məsələsinə dair təqdimat da səhvdir. Sülhəddin Əkbərin bu məsələlərdən xəbəri yoxdur vəəslində, onun fikirlərində Əbülfəz Elçibəyə böhtan atmaq meyli var. Mehri əməliyyatı məhz Əbülfəz Elçibəyin təklifi olub. Bu məsələ Silahlı Qüvvələr Baş Qərargahında müzakirə edilib, planlar cızılıb. Məncə, Sülhəddin bəyin bunlardan xəbəri olmayıb. Ancaq deyir ki, bu məsələni Füzulidə İsa Qəmbərlə birgə müzakirə ediblər və Elçibəy də bununla razılaşmayıb… 1992-ci ilin 15 mayında baş verənlərlə bağlı verdiyi məlumat da doğru deyil. Sülhəddin Əkbərin özü də qeyd edir ki, o zaman AXC rəhbərliyində olmayıb və ADP-nin həmsədri olub. Əslində isə Sülhəddin bəy həmin vaxt Müsavatın bərpa mərkəzinin üzvü idi. Yəni belə ziddiyyətlər və yanlışlıqlar var.
Həmçinin, Sülhəddin bəy qeyd edir ki, nazirlikdəki otağının yanında toplantı keçirilib və onun bundan xəbəri olmayıb. Məncə, bunun özü də müzakirə mövzusu ola bilər. Əgər nazir müavininin qonşu otaqda keçirilən iclasdan xəbəri olmayıbsa, hansısa başqa rayonda olanlardan necə xəbəri ola bilərdi?
– Prezident Milli Təhlükəsizlik nazirinin müavinini Qəbələnin Vəndam kəndinə qızıl axtarmağa göndərəndə, təbii ki, çox şeydən xəbəri olmaya bilərdi…
– Çox gözəl. Qızıl məsələsi də maraqlıdır. Amma Sülhəddin bəy nədənsə demir ki, qızıl axtarmaq təşəbbüsü məhz onun özündən gəlib. Məhz onların məlumatı əsasında bu işlər aparılıb. Ancaq indi belə qələmə verilir ki, məqsəd Sülhəddin bəyi buradan uzaqlaşdırmaq olub…