Bu ilin İş planına əsasən Hesablama Palatasının Bakı Dövlət Universitetində (Universitet) həyata keçirdiyi nəzarət tədbiri səmərəlilik (performans) auditi ilə birgə keçirilən uyğunluq auditi növündə aparılıb.
Bu barədə Palatadan bildirilib.
Audit 2022-2023-cü illərdə Universitet tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin hüquqi aktların tələblərinə uyğunluğunun, eləcə də elm və təhsil sahəsində funksional fəaliyyətinin qiymətləndirilməsi məqsədi daşımışdır. Auditin əhatə etdiyi illərdə Universitetə dövlət büdcəsindən, ödənişli təhsildən və digər mənbələrdən vəsait daxil olmuşdur. Audit əhatə dövrünün əvvəlinə mövcud olmuş və əsasən tədris ili ərzində dövlət sifarişi ilə təhsil haqqının, eləcə də təqaüdlərin ödənilməsi məqsədi daşımış 38,5 mln. manat qalıq məbləği, mədaxil olunmuş 163,2 mln. manat və məxaric olunmuş 173,5 mln. manat məbləği əhatə etmiş, dövrün sonunda 28,2 mln. manat qalıq məbləği formalaşmışdır.
İlk olaraq qeyd edək ki, Universitetin xərcləri əsasən sosial xarakterli olub. Bu xərclərin ödənilməsi zamanı bir neçə halda nöqsanlara yol verilib, bu, gəlir vergisinin düzgün hesablanaraq tutulmaması, habelə mükafatların məbləğinin, eləcə də istifadə edilməmiş məzuniyyət günlərinə görə artıq hesablanması hallarını əhatə edib və 13,3 min manat təşkil edib.
Universitetin hesablanmış gəlirlərinin icrasına təsir edən əsas amil təhsil haqqı, eləcə də kredit haqlarının tam reallaşdırılmaması olub, bu istiqamətlərdə formalaşmış debitor borclar xarici tələbələrlə yanaşı yerli tələbələri, həmçinin doktorantları əhatə edib. Qeyd edək ki, ödənişli təhsil üzrə gəlirlərin əsas hissəsi bakalavr səviyyəsində təhsil alanlar hesabına formalaşmış, yerli və xarici tələbələrlə ödənişli təhsil xidmətinin göstərilməsinə dair bağlanmış müqavilələrin şərtlərinin tam yerinə yetirilməməsi səbəbindən ümumilikdə 2522,8 min manat təhsil haqq üzrə debitor borc yaranmış, bu məbləğ 2024-cü ilin əvvəlinə olan debitor borcun 23,2%-ni təşkil etmişdir. Eləcə də, elmlər doktorluğu və fəlsəfə doktorluğu proqramı üzrə qəbul olunmuş dissertantların arasında Universitetin əməkdaşı olmayan dissertantların da düzgün olmayaraq, Universitetin hesabına təhsil alması nəticəsində cəmi 62 dissertanta görə 76,8 min manat, ləğv edilmiş elm müəssisəsində təhsil alan dissertantların Elm və Təhsil Nazirliyinin (Nazirlik) məktubuna əsasən Universitet hesabına təhsil alması səbəbindən ümumilikdə 100,5 min manat təhsil haqqının alınması təmin edilməmişdir.
Universitetdə təhsil alanların tədris illərinin müvafiq semestrlərində aralıq və cari qiymətləndirilmənin nəticələrinə görə yaranmış kredit haqları üzrə debitor borcları 01 yanvar 2022-ci ilin əvvəlinə nisbətən 01 yanvar 2024-cü il tarixinə 13,7% artaraq 1939,0 min manat təşkil etmişdir.
Təhsil haqqının və təqaüdlərin maliyyələşdirilməsi istiqamətində ayrılmış dövlət vəsaitlərinin icrası prosesində yol verilmiş nöqsanlar nəticəsində formalaşmış məbləğ bu istiqamətdə cəmi xərclərin tərkibində əhəmiyyətli təsirə malik olmamış, dövlət sifarişi əsasında maliyyələşdirilməsi müvəqqəti olaraq dayandırılan tələbələr üzrə təhsil xərcinə görə cəmi 27 halda 15,2 min manat, auditlə əhatə edilən dövrdə xaric olunmuş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla təhsilalan tələbələr yerləşdirilmədiyi halda 133 tələbə üzrə 188,8 min manat vəsait büdcəyə qaytarılmamışdır.
Qeyd edilməlidir ki, Universitetdə tələbələrə hesablanmış təqaüd məbləği üzrə Nazirliyin 272,1 min manat kreditor borc qalığı mövcud olmuş, təqaüd məbləğinin və əlavələrin düzgün müəyyənləşdirilməməsi səbəbindən 1,0 min manat, müxtəlif səbəblərdən xaric edilən dövlət sifarişli tələbələrə görə azalmış təqaüd yerlərinin nəzərə alınmaması nəticəsində artıq müəyyən edilmiş təqaüd yerlərinə görə ümumilikdə 40 halda 9,5 min manat vəsait artıq ödənilmişdir.
Dövlət ehtiyaclarının təmin edilməsi istiqamətində satınalma planlarının tərtibi ilə bağlı tələb olunan müddətlərə əsasən riayət edilsə də, planlaşdırılmanın əsaslı həyata keçirilməməsi nəticəsində nəzərdə tutulmuş və həyata keçirilmiş satınalmaların sayı fərqli olmuş, müsabiqəli satınalmaların məbləğ ifadəsində payının yüksək olması fonunda 2023-cü ildə 2022-ci illə münasibətdə say ifadəsində daha çox müsabiqəsiz (bir mənbədən satınalmanın həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti qurumundan verilmiş razılıq məktubları əsasında) satınalmalara üstünlük verilmişdir. Keçirilmiş satınalmalar (bir mənbədən satınalma) əsasən konfrans və tədbirlərin keçirilməsini, eləcə də internet və proqram təminatı kimi xidmətlərin alınmasını əhatə etmişdir.
Tələbatın müəyyənləşdirilməsinin Universitet tərəfindən əsaslı şəkildə aparılmaması anbar qalığının artımına, bəzi hallarda isə funksiya və səlahiyyətlərinin yerinə yetirilməsi üçün zəruri olan ehtiyaclarının düzgün müəyyən edilməməsi satınalma müqavilələrinin tam olaraq icra edilməməsinə şərait yaratmışdır.
Ehtimal olunan qiymətlərin hesablanılması hüquqi aktların tələblərinə tam əməl edilməyərək bir mənbədən satınalmalara tətbiq olunmamış, bu, bir neçə halda daha qənaətli istifadə imkanlarını məhdudlaşdırmışdır.
Elm və təhsil müəssisəsi olaraq Universitetin Strateji İnkişaf Planının (SİP) və Tədbirlər Planının hazırlanması sahəsində bir sıra uyğunsuzluqlar və boşluqlar müəyyən edilmişdir. Belə ki, SİP-də məqsədlərin aydın əks olunmaması, bu plan və fəaliyyət planında əlaqələndiricilərin müəyyənləşdirilməməsi, icraçıların konkretləşdirilməməsi, eləcə də hədəf indikatorlarının dəqiq göstəricilərlə ifadə olunmaması və zəruri resursların ətraflı əks olunmaması hesabatlılığının təmin edilməsində, əldə edilmiş nəticələrin kəmiyyət və keyfiyyət baxımından qiymətləndirilməsində, həmçinin aralıq qiymətləndirmələrin aparılması ilə SİP-in yenilənməsi istiqamətində əsaslı riskləri formalaşdırmışdır. Həm SİP-in, həm də Fəaliyyət Planının icrası zamanı qarşıya çıxa biləcək əsas risk faktorları və onların təsirlərinin aradan qaldırılması məqsədilə həyata keçirilməli olan tədbirlər planda tam əks etdirilməmiş, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin zəruriliyi isə ətraflı əsaslandırılmamışdır.
Həmçinin, SİP-də müasir çağırışlara uyğun olaraq imtahan nəticələrinin elektronlaşdırılması barədə müddəalar yer almamış, bu məsələ Universitet üçün prioritet hesab edilməmişdir ki, bu da son nəticədə fəaliyyətin monitorinqi və qənaətli yanaşmanın tətbiqinə mane olmuş, başqa sözlə elektronlaşmanın tətbiq olunmaması istifadə edilən onlayn tədris platformasının nisbətən daha yüksək qiymətlərlə əldə edilməsinə səbəb olmuşdur.
Qeyd edilənlərlə yanaşı “mövcud potensial və hədəf” uyğunluğunun əsaslı qiymətləndirilməməsi SİP-də, xüsusilə, beynəlmiləlləşmə istiqamətində bəzi fəaliyyətlərin tam icra edilməməsi ilə nəticələnmiş, Universitetin 2023-cü ildə keçirilmiş akkreditasiyasına dair Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə 2023/2024 - 2027/2028-ci tədris illəri ərzində icra ediləcək tədbirlərə dair Fəaliyyət Planında əks olunmuş 34 tövsiyədən 2023/2024-cü tədris illərinə aid olmuş 14-nün icrası auditlə əhatə olunan dövrdə tam təmin edilməmişdir.
Birdən çox fərqli rəsmi internet səhifəsinin yaradılması və aktiv olması, eləcə də həmin saytlarda funksional fəaliyyət üzrə məlumatların bəzi hallarda təqdim edilməməsi və yenilənməməsi “Tələbə-Universitet” əlaqələrinin, həmçinin elmi-tədqiqat və tədris müəssisəsi kimi məlumatlara əlçatanlığın çevik təmin edilməsi istiqamətində müəyyən məhdudiyyətləri formalaşdırmışdır. Ümumiyyətlə, Universitetin universitetdaxili kommunikasiyanın, informasiya təminatının təşkil edilməsi, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin universitetin elm, təhsil, sosial, iqtisadi-təsərrüfat fəaliyyəti, beynəlxalq əlaqələri haqqında operativ və əhatəli məlumatlandırılması, informasiya ilə təmin edilməsi işinin inkişaf etdirilməsinin ümumi yanaşmalarını, əsas prinsiplərini və mexanizmini əks etdirən Kommunikasiya Strategiyası da bir sıra nöqsanlara malik olmuşdur.
Strategiyada Universitetin struktur bölmələri arasında daxili kommunikasiya sisteminin qurulması məqsəd kimi müəyyən edilsə də, struktur bölmələri bir-biri ilə əlaqələndirən vahid mərkəzləşdirilmiş universitetdaxili elektron sistem olmamışdır.
Universitet tərəfindən 2023-cü ildə müəllimlərin vəzifə maaşı kimi müəyyən olunmuş məbləğ Dövlət Statistika Komitəsinin 2022-ci il üçün elan etdiyi ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının məbləğinə bərabər olmuş, bu zaman 2023-cü il üçün dinamika nəzərə alınmamışdır.