Ali Məhkəmədə Abşeronda tanışını bıçaqlamaqda təqsirləndirilən F.Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, məhkum cəza çəkdiyi müəssisədən ərizə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirib.
Məhkəmənin qərarına əsasən, onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılıb.
İttihama görə, hadisə 06avqust 2022-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, F.Əhmədov tanışı, bərbər E.Əliyevlə mübahisə edib. Mübahisəyə səbəb E.Əliyevin təqsirləndirilən şəxsin həyat yoldaşına söz atması ilə bağlı aralarında əvvəl baş vermiş söhbəti başqa şəxslərə danışmağı, habelə zərərçəkmiş şəxsin onun arvadına qarşı etdiyi hərəkət olub. O, bunlara görə, E.Əliyevi cəzalandırmaq qərarına gəlib. Təqsirləndirilən şəxs zərərçəkmişi saçını kəsdirmək istədiyi bəhanəsi ilə evindən çağırıb, binanın qarşısında görüşüb. Daha sonra F.Əhmədov üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 5 zərbə endirib.
Hadisədən sonra F.Əhmədov saxlanılıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi də hökmü dəyişdirilmədən saxlayıb. Daha sonra F.Əhmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Kamal Məmmədov