Ötən gün paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən ilkin məlumata görə, ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışa səbəb qaz sızması olub. Partlayışda həm obyektə ciddi ziyan dəyib, həm də 6 nəfər bədən xəsarətləri alıb. Bizim.media-nın araşdırmasına görə partlayış Azərbaycanda kəllə qənd istehsalı ilə məşğul olan "Bolluq LTD" MMC-nin Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn, 5 ünvanında yerləşən istehsalat müəssisəsində baş verib.
Hansı ki, bu şirkət ümumilikdə fəaliyyətində verdiyi nöqsan və pozuntulara görə dəfələrlə aidiyyəti qurumlar tərəfindən cəzalandırılıb.
İstehsal olunan qəndlər süni şəkildə ağardılır?
Qeyd edək ki, partlayış baş verən filialda artıq ikinci qalmaqaldır ki, baş verir. Bundan əvvəl "Bolluq" MMC-nin Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn, 5 ünvanında yerləşən istehsalat müəssisəsinin müdiri satış üçün hazırlanan qəndlərin tərkibinə normadan artıq kükürd dioksid vurulmasında (qəndin ağardılması) ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.
Müəssisənin bağlanılmasına qərar verilibsə, niyə fəaliyyətdədir?
Bu ilin iyun ayında şirkətin Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, 13-cü kilometr ünvanında isə yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanın mövcud olduğu aşkarlanıb.
Belə ki, obyektin mətbəx sahəsində çəkilmiş qaz xəttində yivli birləşmələrdən istifadə olunub, anbar sahələrində rəflərin ara məsafələri yanğınların söndürülməsinə və ya malların hadisə zamanı köçürülməsinə maneə törədəcək əşyalarla tutulub. Həmçinin obyektin bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb.
Elə insan həyatı və ya sağlamlığına, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı üçün həmin ünvandakı obyektin bağlanmasına rəsmi qərar da verilib. Amma əldə etdiyimiz məlumata görə bu qərara məhəl qoymayan şirkət rəhbərliyinin göstərişi ilə Bakı-Sumqayıt şosesi, 13-cü kilometr ünvanındakı müəssisə hələ də fəaliyyətdədir.