Oktyabrın 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun Geniş Kollegiya iclası keçirilib.
Baş Prokurorluğun Kollegiya üzvləri tərəfindən əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyulmuş, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmini uğurunda aparılmış mübarizədə, “I Qarabağ” və “44 günlük Vətən” müharibələrində, lokal xarakterli antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər və zabitlərimizin, vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qazilərimizə şəfa arzu edilmişdir.
Geniş Kollegiya İclasında 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 106 illiyi münasibətilə bir qrup prokurorluq işçisinin Prezident İlham Əliyev tərəfindən yüksək dövlət mükafatlarına layiq görülməsi ilə əlaqədar prokurorluq işçiləri adından ölkə rəhbərliyinə təşəkkür və dərin minnətdarlıq bildirildi, bundan sonra da hər bir prokurorluq əməkdaşı tərəfindən fəaliyyətləri ərzində insan vətəndaş hüquq və azadlıqların qorunması, həmçinin cinayətkarlığa qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin intensiv qaydada davam etdirilməli olduğu, xüsusən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması sahəsində səmərəliliyin artırılmasının vacibliyi vurğulandı.
Daha sonra, Baş prokuror Kamran Əliyev tərəfindən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində ölkəmizin beynəlxalq əlaqələrinin daim inkişaf etməsi, ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artması, ölkəmizin bir sıra regional, eləcə də beynəlxalq tədbirlərə ev sahibliyi etməsi qeyd edildi və bu tədbirlər çərçivəsində ölkəmiz və prokurorluq üçün müstəsna əhəmiyyət kəsb edən,170-dən çox dövlətin üzv olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclasının, 29-cu İllik Konfransının və Ümumi Yığıncağının cari ilin 27 sentyabr - 02 oktyabr tarixlərində paytaxt Bakı şəhərində yüksək peşəkarlıq və təşkilatçılıqla keçirildiyi iştirakçıların diqqətinə çatdırıldı.
Tədbir barəsində məlumat verilərkən bildirildi ki, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağında 88 ölkə, 95 yurisdiksiya, 10 beynəlxalq təşkilatdan ümumilikdə 500-dən artıq şəxs iştirak etmişdir. Həmin tədbirin uğurla keçirilməsinin Azərbaycan Prokurorluğu orqanlarının növbəti uğuru olması xüsusilə vurğulandı.
Eyni zamanda çıxışda qeyd olundu ki, bu ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) kimi mötəbər bir tədbirin paytaxtımızda keçirilməsinin 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilməsi dünya ölkələri tərəfindən ölkəmizə olan etimadın və Prezident İlham Əliyevin siyasi səriştə və bacarığına, habelə nüfuzuna olan inamın və rəğbətin göstəricisidir.