Gəncə Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Sərxan Səfərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Şəmkir Rayon Məhkəməsinin çıxardı hökm dəyişdirilib, onun 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il 6 ay həddinədək artırılıb.
İttihama görə, hadisə 24 avqust 2023-cü il tarixdə, saat 01:30 radələrində Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən mağazada qeydə alınıb. Belə ki, sərxoş vəziyyətdə olan Sərxan Səfərov zərərçəkmiş M.M.-in (şərti) ərzaq mallarının satışı mağazasına gəlib. O, həmin mağazadan 20 iyul 2018-ci il tarixdə oğurluq etməsi ilə bağlı 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və 2000 manat məbləğində maddi ziyanı ödəməsi səbəbindən qərəzli olaraq şəxsi münasibətlər zəminində mübahisə edib. Sonra Sərxan zərərçəkmiş şəxsi qəsdən əl və baş zərbələri ilə vuraraq ona xəsarətlər yetirib və mağazanın kassasından 600 manat və rəflərin üzərindən 200 manat məbləğində nağd pulu götürərək ərazidən uzaqlaşıb. Hadisədən sonra Sərxan Səfərov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov