COP29 zamanı şəhər mərkəzi, tədbir məkanları istiqamətində nəqliyyatın hərəkətinə ediləcək dəyişikliklər və digər təşkilati məsələlərə uyğun olaraq, "Bakı metropoliteni" QSC stansiyalarının hazırlığı yekunlaşdırılıb. Hazırlıq dövründə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və digər qurumlarla sıx əlaqəli fəaliyyət təmin edilib.
QSC-dən bildirilib ki, COP29 konfransının keçiriləcəyi Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən "Koroğlu" stansiyası istiqamətində nəqliyyat mübadilə mərkəzlərinin iş rejiminin dəyişdirilməsi ilə əlaqədar Bakı metrosunda müvafiq tədbirlər görülüb.
Avtobus marşrutlarının əsas hissəsinin yönləndiriləcəyi "Ulduz" stansiyasının vestibülündə 2 əlavə "BakıKart" terminalı yerləşdirilib. Stansiyanın ərazi və texniki imkanları nəzərə alınmaqla, sərnişinlərin girişinin daha intensiv təşkili məqsədilə avtomat buraxılış-nəzarət məntəqəsində 4 əlavə turniket quraşdırılıb. Buna uyğun olaraq, nəzarətçi köşkü yenilənib, əlil arabası istifadəçilərinin rahat keçidini təmin edən zona yaradılıb. Stansiyanın digər keçidi istiqamətində sərnişin axını istiqamətlərinin daha münasib tənzimlənməsi üçün nəzarətçi köşkü yenilənib.