Azərbaycan-Rusiya sərhədində soydaşlarımızla bağlı baş verən xoşagəlməz hadisə məlum həqiqəti yenidən gündəmə gətirdi: diasporumuz “ölü candan” başqa bir şey deyil.
Sərhəddə baş verən insidentin əsas səbəbi pandemiyanın bütün dünyada yaratdığı çətinlikdir. Azərbaycanlılar haqlı olaraq evlərinə qayıtmaq istəyirlər, Azərbaycan dövləti haqlı olaraq epidemiyanın yayılması təhlükəsinə qarşı bu prosesi karantin rejimin qaydaları çərçivəsində həyata keçirir. Misal üçün, xaricdə olan vətəndaşlarımızın Vətənə qaydalara uyğun formada gətirilməsi məqsədilə “Evə gedirəm” portalı fəaliyyət göstərir.
Ümumi çətinlik hər kəsin emosiyalarının tarıma çəkilməsinə səbəb olub və bu çətin vəziyyətdə soydaşlarımızla qeyri-etik, xoşagəlməz davranış təbii etiraza səbəb olur. Təbii ki, bir ölkənin soydaşı başqa ölkənin ərazisində xoşagəlməz halla qarşılaşarkən ilk növbədə dövlət məsələyə müdaxilə etməlidir. Azərbaycan dövləti bunu edir, əslində Prezident İlham Əliyevin məsələyə müdaxiləsi problemin tezliklə həllini tapacağına əminlik yaratdı.
Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, bu gün Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Dövlət başçıları Rusiya-Azərbaycan sərhəddində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıblar.
Bu o deməkdir ki, Dağıstanda qalmış soydaşlarımız digər soydaşlarımız kimi tezliklə və rahat şəkildə evə qayıda biləcəklər.
Bəs, Azərbaycanın Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları haradadır?
Bu, ritorik sual deyil, diaspor fəaliyyətimizdə gerçək vəziyyət həqiqətən acınacaqlıdır. Axı diasporla çalışan müvafiq qurumlar və xaricdəki diaspor təşkilatlarımızın əsas missiyası məhz soydaşlarımızla bağlı yaranmış problemlərin həllinə kömək etmək, xoşagəlməz hadisələrə dərhal reaksiya vermək, mövqe nümayiş etdirməkdir.
Təəssüf ki, belə həssas dövrdə diaspor işini həyata keçirən şəxslər kabinetlərindən çıxmırlar, diaspor təşkilatlarımız da dövlətin ayırdığı maliyyəni sağa-sola xərcləməklə məşğuldur və onların səsi yalnız maliyyə almaq istəyəndə gəlir.
Dünya təcrübəsində diaspor fəaliyyəti tamam fərqlidir. Planetin hər yerində diaspor özü təşkilatlanır və təmsil etdiyi dövlətə dəstək olur. Müqayisə nə qədər xoşagəlməz olsa da, erməni diasporu gözümüzün önündəki əsas nümunədir. Erməni diasporu da hər il işğalçı Ermənistan büdcəsinə milyonlarla maliyyə yardımı göstərir, hər hansı xarici ölkələrdə erməni soydaşları bu cür oxşar hallarla üzləşdikdə təcili birləşərək operativ müdaxilə edə bilir, lazım olanda maliyyə vəsaitləri belə toplayıb vətəndaşlarını düşmüş olduğu çətinliklərdən xilas etməyi bacarırlar. Bütün bu işləri onlar Ermənistan dövlətindən bir dram belə almadan edirlər. Əksinə, bu gün "Ermənistan" adlı dövlət məhz diasporun maliyyə yardımı ilə ayaqda qala bilir. Amma acı da olsa etiraf edilməlidir ki, bu gün Azərbaycan təşkilatları diaspor işində Ermənistandan geri qalır.
Azərbaycan-Rusiya sərhədində baş verən xoşagəlməz hadisə ilk deyil, bundan öncə Ukraynada, Rusiyada, eləcə də digər ölkələrdə baş verib. Lakin dövlət və xalq üçün ən kritik məqamlarda diasporumuz qaçıb gizlənir, dövlətdən maliyyə almaq məsələsi gündəmə gələndə az qala əlbəyaxa davaya qədər çıxırlar.
Misal üçün, Ukraynada soydaşlarımızla bağlı neqativ hallar yaşananda özünü bu ölkədəki diasporumuzun “lideri” hesab edən, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov səssizliyə qərq olmuşdu. Lakin özünü reklam və dövlətdən maliyyə almağa gələndə ən çox danışanlardan birinə çevrilir.
Bəs Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Füzuli Məmmədov haradadır?