Azərbaycanda orta məktəblərdən birinin xanım psixoloqu Küveyt vətəndaşına qarşı dələduzluq edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 36 yaşlı Aytəkin Səmədova (ad və soyad şərti) "Snapchat"da tanış olduğu küveytli Abdullah Almatroukanın etibarından sui-istifadə edib.
Əcnəbi vətəndaş dostu ilə birgə yeni biznes qurmaq məqsədilə Bakıya gəlib. Bu müddətdə Aytəkinlə münasibəti yaranan Abdullah onunla paytaxtın fərqli məkanlarında bir neçə dəfə görüşüb. O, ölkəsinə qayıtdıqdan sonra da qadınla əlaqəni kəsməyib. Hətta onu Dubaya dəvət edib, cütlük şəhərin bahalı məkanlarında istirahət edib. Elə cinayətin təməli də bu istirahət ərəfəsində qoyulub.
Əcnəbi söhbət əsnasında Azərbaycanda gəlir gətirəcək bir iş görmək istədiyini deyib. Aytəkin onu inandırıb ki, Bakıda gəlir qazanmağın ən yaxşı yollarından biri mənzil alıb əcnəbi qonaqlara kirayə verməkdir. Əcnəbi vətəndaşların Azərbaycanda mənzil ala bilməməsini yalandan əsas gətirib. Təklif edib ki, mənzil onun adına alınsın, Abdullah bununla razılaşıb. Aytəkin Bakıya qayıtdıqdan sonra işə başlaması üçün ona 497 min 478 manat pul göndərilib. Qadın həmin pulun 382 min manatına mənzil alıb, qalanını isə şəxsi mənafeyinə sərf edib.