Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 6 nəfər (4 kişi, 2 qadın) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə təxliyə olunublar.
Pravda.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır yanıq xəsarətləri ilə yerləşdirilən 1977 (kişi cinsli), 2007 (kişi cinsli) və 2010-cu il (qadın cinsli) təvəllüdlü şəxslərə zəruri tibbi yardımlar göstərilib. Onlar ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunurlar.
Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 1952-ci il təvəllüdlü (kişi cinsli) şəxsə arterial hipertenziya səbəbilə zəruri tibbi yardımlar göstərilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
1975-ci il təvəllüdlü (qadın cinsli) şəxsə sol ayağın yüngül kəsilmiş yarası diaqnozu təyin edilib. Sözügedən şəxs stasionar müalicədən imtina edib.