Bu gün, yanvarın 16-da Binəqədi Rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin tərəf olduğu 3 iş üzrə proses var. Həmin proseslərdən ikisi cinayət işi, digəri biri isə mülki xarakterli olub.
Artıq işlərdən ikisi üzrə məhkəmə baxışı baş tutub. Xəbər verdiyimiz kimi Ağadadaş Ağayev “MedEra Hospital” mənəvi zərərin ödənilməsi tələbi ilə, “MedEra Hospital”ın rəhbəri Qaraxan Əliyev Ağadadaş Ağayevə qarşılıqlı mülki iddia qaldırmışdı. Xalq artisti mənəvi ziyana görə klinikadan 450 min manat, hospital rəhbəri isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edirdi. Bu gün hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə tərəflər məhkəməyə barışıq sazişi təqdim ediblər. Məhkəmə barışıq sazişini nəzərə alaraq icraata xitam verib.
1 saatlıq fasilədən sonra Ağadadaş Ağayevin tərəf olduğu daha bir cinayət işi üzrə proses hakim Elçin Ağayevin sədrliyi ilə davam etdirilib. Bu prosesdə Xalq artisti ilə insident yaşayan “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun müttəhim statusundadır. Musavat.com xəbər verir ki, hakim Elçin Ağayev prosesdə Ağadadaş Ağayevdən məhkəməyə müraciət daxil olduğunu elan edib. 44 saylı Notariat Kontorunda imzalanan sənəddə Ağadadaş Ağayev balta atdığı mühafizəçi Nurəddin Cəlilovla barışdıqlarını, ona qarşı hər hansı bir tələbinin olmadığını, mühafizəçi barəsindəki cinayət işinə işinə xitam verilməsini xahiş edib.
Bundan sonra prosesdə şahidlər dindirilib. Şahid Zaur Rüstəmov taksi sürücüsüdür. Sərbəst ifadəsindən məlum olub ki, insident yaşanan ərazidə taksi fəaliyyəti ilə məşğuldur. Amma o, hadisə baş verən gün səhər ərazidə olmadığından müvafiq olaraq baş verənləri də biləvasitə görməyib:
“Mən hospital ətrafında taksi sürücüsü kimi fəaliyyət göstərirəm. Hadisə zamanı orada olmamışam. Bu barədə eşitmişəm və videogörüntüləri izləmişəm. Həmin zaman müştərim olub deyə ərazidə olmamışam”.
Növbəti şahid Firdovsi Səfərov da taksi sürücüsüdür. Şahid qismində ifadəsində iddia edib ki, Ağadadaş Ağayevin əlində baltanı görməyib. Həmin gün səhər eşidib ki, ətrafdan söyüş səsləri gəlir: “Ətrafa nəzər saldıqda gördüm ki, Nurəddin söyüş söyür. Söyüşlər qarşılıqlı idi. Ondan kimi söydüyünü soruşdum. O, barmağı ilə istiqamət göstərdi. Həmin istiqamətə baxanda Ağadadaş Ağayevi gördüm. Nurəddinə onun həm yaşca böyük, həm də ağsaqqal olduğunu deyib irad bildirdim. Sonra gördüm ki, bunlar dalaşır. Onları ayırmağa çalışdım”.