“İnsanlarda stress, yuxusuzluq, əsəbi gərginlik yüksək səviyyəyə qalxıb. Üstəlik havalar dəyişkən keçdiyi üçün gündüzlər özlərini yorğun, ümumi zəif, halsız, hətta hava çatışmazlığı hiss edə bilərlər. Bu karonavirusun əlamətlərini xatırladır deyə insanların narahatlığı və qorxusu artır. Zatən Azərbaycanda 70% insanı dindirən kimi deyirdi ki, məndə nevroz var. İndi o nevrozların halını təsəvvür edin. Hamı gündə bir neçə dəfə temperaturunu ölçür, heç kimi qınamıram, əlbəttə. 37 dərəcə temperatur görən kimi bəzilərini az qalır infarkt vura”.
Pravda.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, bədən hərarəti insanın yaşından, çəkisindən, cinsindən, əlavə xəstəliklərindən, maddələr mübadiləsinin sürətindən, içdiyi dərmanlardan, yediyi yeməklərdən, qəbul etdiyi maye miqdarından asılı olaraq hətta günün müxtəlif saatlarında dəyişir:
“Qadınlarda həm menstruasiyadan əvvəl, həm menstruasiya vaxtı, həm də ondan sonra (perimenstrual dövr) temperatur normal olaraq yüksək ola bilər. Həm kişilərdə, həm də qadınlarda günün səhər saatlarında hərarət ən aşağı, günortadan keçdikdən sonra normal olaraq ən yüksək olur. Sizin hərarət saat 17:00-da 37.3 göstərirsə, bu tam normal haldır.