“Azərbaycan hakimiyyəti Rusiyanın təsir dairəsindən çıxmağa çalışır” - AÇIQLAMA

“Son hadisələr göstərir ki, Azərbaycan hakimiyyəti Rusiyanın təsir dairəsindən çıxmağa çalışır və bunun üçün bir neçə önəmli addım atılıb. Ancaq Azərbaycan hakimiyyəti anlamalıdır ki, Rusiya asılılığından tam çıxmağın tək bir yolu ölkədə köklü islahatların aparılmasıdır. Elə islahatlar olmalıdır ki, əhali bunu gündəlik həyat yaşayışında hiss etsin. Bu gün isə bunu heç kim görmür”.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov qeyd edib ki, insanlar artıq son ehtiyatlarını xərcləyib və maddi durumları çox pisdir: “Bir müddətdən sonra karantin aradan qalxan kimi insanların tələbləri artacaq. Reallıqda isə pandemiyadan sonrakı dövr vəziyyət daha pis olacaq. Bunu insanlara indidən izah etmək, onları gözlənilən çətinliklərə hazırlamaq lazımdır. Bundan başqa, elə bu dövrün özündə gələcək islahatlara şərait yaradacaq qanunvericilik aktları qəbul edilməli, bunlar insanlara izah edilməlidir.

 

İqtisadçı olmasam da, bildiyim adi hallar var. Bəllidir ki, bu çətin vəziyyətdən hakimiyyət təkbaşına çıxan deyil. Onu bu vəziyyətdən çıxardacaq kiçik və orta sahibkarlıqdır. Bu gün hər şey onların fəaliyyəti üçün münbit şəraitin yaradılmasına yönəlməlidir. Bu yöndə isə heç bir şey görmürəm. Çox sadə olan, bir fərmanla aradan qalxacaq lisenziya sayının azaldılması üçün aylardır yazmağıma baxmayaraq hələ də heç bir iş görülməyib. Bu gün diqqət mərkəzində olmalı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının səsini belə eşidən yoxdur. Hesab edirəm ki, bu orqan təcili buraxılıb yenidən demokratik əsaslarla formalaşmalı və məmur sinfinin əlavəsi yox, iş adamlarının problemlərini yaxından bilən, araşdıran və onun həll olunmasında real iş görən işlək orqana çevirilməlidir. Yaxın günlərdə iş adamlarının Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüşü təşkil edilməlidir. Bu əvvəlki formal görüşlərdən olmamalı, çıxışçılar əvvəlcədən müəyyən edilməməli və tamadalar yox, problemləri açıqlayan şəxslər öndə olmalıdırlar. Həmin görüşdə iş adamlarının birbaşa Prezidentə ünvanlayacaqları məktublar üçün sandıq olmalıdır və bu sandığı ancaq Prezidentin özü, yaxud ən etibar etdiyi şəxs açmalıdır. Bu keçid dövrü üçün vətəndaşlar tərəfindən tanınan heç bir fəxri adları, vəzifələri olmayan, hakimiyyətdən heç cür yararlanmayan müstəqil şəxslərdən ibarət bir ictimai qurum yaradılmalıdır. Bu qurumun əsas vəzifəsi vətəndaşlarla hakimiyyət arasında körpü yaratmaq, cəmiyyətdə yaranmış qarşıdurmanı aradan qaldırmaq olmalıdır. Ən əsası hakimiyyət təbliğat, təşviqat işinin yenidən qurulmasını sürətləndirməlidir. Görünən odur ki, hakimiyyətin xalqla münasibətini formalaşdıracaq, vətəndaşların inandığı təbliğat, təşviqat orqanları yox dərəcəsindədir”.

Tarix: 29 İyun 2020, 07:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin