Bakıda aktyor İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttiham aktında qeyd edilib ki, təqsirləndirilən İslam Hadıyevin mərhum aktyorla şəxsi tanışlığı olub. Onlar bazarda tanış olub və bundan sonra İosif Zusyeviçin dəvəti ilə evlərində təmir işləri aparıb.
İslam Hadıyev evdə təmir işləri apararkən evin saxlanc yerində torbada külli miqdarda pulun olduğunu görüb. Mənzildə işini bitirdikdən sonra pulu götürərək oranı tərk edib.
Bir müddət sonra ev sahibi ona zəng edib və götürdüyü 50 min manatı tələb edib. Lakin təqsirləndirilən şəxs puldan xəbəri olmadığını bildirib. Təqsirləndirilən məhkəmədə sərbəst ifadəsi zamanı hadisəni törətdiyini bildirib:
"Bir neçə gün sonra İosifin yoldaşı məni bazarda gördü və təhqir edərək pulu qaytarmağımı istədi. Təmir zamanı mənim drelim onlarda qalmışdı. Onu götürməyə gedəndə İosif üstümə hücum etdi və bıçağa əl atmaq istədi. Bu zaman mən üzərimdəki bıçağı qaldıraraq onu qorxutmaq istədim. Bunu görən Lyudmila əlimdən tutaraq dartanda bıçaq İosifin boğazına girdi".