Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun fəxri fərman və fərqlənmə diplomları ilə təltif etdiyi sabiq rəis qanunsuz olaraq işdən çıxarıldığını iddia edir. Pravda.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, FHN-in Maddi-Texniki Təchizat İdarəsinin ümumi şöbəsinin sabiq rəisi Faiq Ağalarov özü və idarənin xeyli sayda əməkdaşının aldadılaraq işdən çıxarıldığını bildirib.
"2009-cu ildən 2023-cü ilin sonlarınadək FHN-in Maddi-Texniki Təchizat İdarəsində işləyərək əmək fəaliyyəti ilə məşğul olmuşam. 30 iyul 2009-cu ildə idarənin ümumi şöbəsinin iş icraçısı vəzifəsinə, 2 oktyabr 2013-cü il tarixdə həmin şöbənin mütəxəssisi vəzifəsinə, 23 iyun 2014-cü il tarixdə şöbənin rəisi vəzifəsinə təyin edilmişəm. 30 oktyabr 2023-cü il tarixində FHN-lə bağlanmış əmək müqaviləmə xitam verilib və idarənin ümumi şöbəsinin rəisi vəzifəsindən azad edilmişəm.
Maddi-Texniki Təchizat İdarəsində işlədiyim dövrdə hər hansı intizam məsuliyyətinə cəlb edilməmişəm, əksinə, dəfələrlə nazir Kəmaləddin Heydərov tərəfindən fəxri fərman və fərqlənmə diplomları ilə təltif olunmuşam. Maddi-Texniki Təchizat İdarəsi nazirliyin tərkibində olsa da, dövlət qulluğuna aid edilməyən mülki bir idarə olub. Artıq bir neçə il idi ki, nazirlik tərəfindən Maddi-Texniki Təchizat İdarəsinin də FHN-in digər idarə və şöbələri kimi dövlət qulluğuna keçirilməsi üçün lazımi sənədləşdirilmə işləri aparılırdı. Bu sahədə də idarənin ümumi şöbəsinin rəisi kimi fəal iştirak etmiş, tələb olunan sənədlərin hazırlanması prosesinə rəhbərlik etmişəm. 2023-cü ilin oktyabr ayından təmsil etdiyim idarənin əməkdaşları da dövlət qulluqçusu kimi qeydiyyata alınmağa başladı. Dövlət qulluğuna keçid reallaşdıqdan sonra nazirliyin aidiyyəti qurumlarının vəzifəli şəxsləri tapşırdılar ki, idarənin bütün işçiləri öz xahişləri ilə işdən azad edilmə barədə ərizə yazsınlar".
O bildirib ki, həmin vaxt əksər işçilər öz xahişləri ilə işdən azad edilmə barədə ərizə yazmaqdan ehtiyat edib, bu tələbi yerinə yetirməyiblər:
"Belə olan halda, nazirliyin aidiyyəti idarəsinin vəzifəli əməkdaşları idarəyə gələrək, iclas keçirdilər və bir daha bildirdilər ki, Maddi-Texniki Təchizat İdarəsi nazirliyin digər idarə və şöbələri kimi dövlət qulluğuna keçdiyi üçün idarənin bütün işçiləri öz xahişləri ilə işdən azad edilmə, həmçinin yenidən dövlət qulluğu hesab edilən həmin işə qəbul edilmələri barədə ərizə yazmalıdırlar və nazirin tapşırığı ilə bütün işçilər əvvəlki iş yerləri və vəzifələrində qalaraq, əmək fəaliyyətlərini davam etdirəcəklər, heç kəs işdən kənarlaşdırılmayacaq. Bu iclasın gedişi idarəmizin əməkdaşları tərəfindən səs yazısı formasında qeydə alınıb və həmin səs yazısı da var".