Koronavirus pandemiyası maskanı gündəlik həyatımızın ayrılmaz parçasına çevirdi. Bəzi mütəxəssislərsə maskaların önəmini azaldır, onun bizi qorumadığını iddia edir. Maraqlıdır, ümumiyyətlə, maskalardan düzgün istifadə edirikmi? Qoruyuculuğu necədir?
Mövzu ilə bağlı professor Adil Qeybulla sualları cavablandırıb.
- Doktor, deyilənə görə, mütəmadi maskadan istifadə edən insan daha az oksigen alır. Nəfəs alıb-verdiyimiz zaman ağzımızdan çıxan karbon dioksid maskaya yapışaraq geri qayıdır. Bu, doğrudurmu?
- Diffuziya edən havada karbon dioksidin konsentrasiyası çox aşağıdır. Orada elə bir karbon dioksid yoxdur. Söhbət dəm qazından yox, karbon qazından gedir. Karbon qazı bədəndən xaric olunur. Bəli, maska buna müəyyən maneə yaradır. Amma xəstəliyə tutulmaqdansa, maskada olmaq daha məqsədəuyğundur.
Avtobusda, metroda, başqa qapalı məkanlarda bu daha vacibdir. Digər tərəfdən, maskada gəzməyi həyat tərzinə çevirmək lazımdır. Gələn illərdə payız, qış mövsümündə soyuqdəymə, qrip, müxtəlif yuxarı tənəffüs yolları iltihabı olan xəstələr hamısı maskada gəzməlidir. Maska təkcə bu il üçün deyil, pandemiyanın dərsidir.
- Bəs mütəmadi maskadan istifadə sağlamlığımız üçün təhlükə yarada bilərmi?
- Söhbət hiperkapniyadan gedirsə, bu daha çox ağciyər problemləri olan xəstələrə aiddir. Əgər insan bir dəqiqə öz nəfəsini saxlaya bilirsə, deməli, onun ciyərlərində ciddi bir problemi yoxdur. Bu adamlar sərbəst maska taxa bilərlər.