Akademik Milli Dram Teatrının aktriası, əməkdar artist Münəvvər Əliyeva "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Qeyd edək ki, Əməkdar artist Mehriban Xanlarova bu yaxınlarda bədii rəhbər Mehriban Ələkbərzadənin teatra kənardan aktrisa gətirdiyini iddia edərək onlara tamaşada rol verilmədiyini bildirib. Həmkarına dəstək olan əməkdar artist Münəvvər Əliyeva da bədii rəhbərdən şikayətçidir. O, pərdəarxasında çox şeylərin olduğunu deyir...
Münəvvər Əliyeva ilə olan müsahibəni təqdim edirik.
- Münəvvər xanım, bugünlərdə bildirmisiz ki, Akademik Milli Dram Teatrında elə vəziyyət yaranıb, desəm öldürərlər, deməsəm ölləm... Maraqlıdır, nə baş verir?
- Bəli, həmkarım Mehriban Xanlarovaya dəstək olaraq teatrımızın repressiya dövrü yaşadığını qeyd etmişəm. 1992-ci ildən teatrda işləyirəm, daim baş rolları oynamışam. Problem “teatrda rol davası edirik” məsələsi yox, pərdəarxasında baş verənlərdir. Teatra rəhbərlik edən şəxs bütün işçilərə qarşı ədalətli olmalıdır. Bütün kollektiv ondan narazıdır, amma təzyiq altında olduqlarına görə susur və susdurulurlar. Görünür, bədii rəhbər rejissor kimi fəaliyyət göstərdiyi illərdə müəyyən məhdudiyyətlər yaşayıb və daxilində hansısa kini qalıb, ona tamaşa hazırlamaq haqqı verilməyib. Yaxud tamaşa qoyulanda məhdudiyyətlə üzləşib. Sanki teatr Mehriban Ələkbərzadənin şəxsi mülküdür.
Bu hal Azər Paşa Nemətovun dövründə də mövcud idi. "Bu, mənim aktyorumdur, yalnız bu aktyorla işləyə bilərəm" kimi yanaşma tərzi hakim idi, indi də bu hal mövcuddur. Halbuki aktyorla rejissor arasında inam olmalıdır. Peşəkar tamaşalar yalnız bu halda meydana çıxa bilər. Mən deyəndə ki, tamaşada filan hərəkəti etmək istəyirəm, fikrim, yanaşma tərzim kobud şəkildə təhqir edilir, "yox, mən dediyimi, hiss etdiyimi hiss etməlisən" kimi cavab verilir. Bu, düzgün yanaşma deyil.
Teatrımızda bu kimi problemlər olub, amma bu dərəcədə yox. Bu, artıq son həddir. Mən heç vaxt görməmişəm ki, bədii rəhbərin otağına gedəndə telefonu katibəyə təhvil vermək tələb olunsun. Bizim əlimizdən telefonumuz alınır. Artıq aktyor dostlarıma da inana bilmirəm. Bir-birinin səslərini qeyd edib bədii rəhbərə çatdırırlar. Çox dəhşətli bir vəziyyətdir. Dost bildiyi, vaxtında evində çörək kəsdiyi insanların belə əlindən telefonunu alır. Deməli, teatra dağıdıcı mövqedə gəlmisiniz.
- Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə teatrda baş verənləri yaşlı və gənc nəsil arasında konflikt kimi şərh edib. Bu haqda mövqeyinizi öyrənmək istərdik.
- Mənim 53 yaşım var. Bu yaşıma rəğmən, səhnədə klassika baxımından hər şeyin öhdəsindən gəlməyə hazıram. Cavan həmkarlarımla yan-yana gələndə heç də onlardan aşağıda qalmayacam. Azər Paşa Nemətovun rəhbərlik etdiyi dövrdə də belə olub.
Biz bədii rəhbərlərə ömürlərimizi verdik. Beş-altı il ömrümüzü veririk, bir tamaşada oynayırıq. Sonra başqası gəlir və eyni situasiya… Azər Paşa Nemətov teatra rəhbərlik edəndə deyirdi ki, sən mənim aktyorumsan, sən isə deyilsən. "Sən Mehriban Ələkbərzadə ilə işləmisən" deyirdi. Bizlərə qapı bağlandı, oturduq, gözlədik. Heç olmasa o zaman sözümü Azər Paşa müəllimin özünə deyə bilirdim.
Ondan sonra bədii rəhbər Mehriban Ələkbərzadə təyin edildi, o da dedi ki, siz mənim aktyorum deyilsiniz, vaxtilə Azər Paşa Nemətovla işləmisiniz... Qəribə bir şərait yaranıb. İndi beş-altı il də Mehriban Ələkbərzadəni gözləyək ki, vəzifəsindən doysun.
Yenə də deyirəm, bizim ömrümüz gedir, sonra da deyirlər ki, yaşlı nəsil cavan nəslə qarşı çıxdı. Özünüz bizi qocaldırsınız. Səsimizi qısırıq.
Gənc nəslə həmişə dəstək olmuşuq. Mən öz paltarlarımı gənc nəslin nümayəndələrinə verirəm. Gənc nəsil-yaşlı nəsil söhbəti teatrda baş verənləri ört-basdır etmək üçündür. Diqqəti yayındırmaq naminədir. Guya gənc nəslə qısqanclıqla yanaşırıq.
Mehriban Ələkbərzadə bədii rəhbər təyin ediləndə dedim ki, teatrda gənc nəsildən heç kəs yoxdur, onları teatra cəlb etmək lazımdır. Artıq 20 yaşında qız obrazı oynaya bilmərəm və heç vaxt da ona can atmamışam.