“Əbülfəs Qarayevin yoldaşı böyük Tofiq Kazımovun qızıdır. Azərbaycan teatr mədəniyyəti tarixinin böyük mərhələsinin övladıdır. Babası Azərbaycan klassik poeziyasının nəhənglərindən olan Səməd Mənsurdur. Bu tərəfdən Qara Qarayev, o tərəfdən Tofiq Kazımov və Səməd Mənsur. İndi bunların uşaqları cinayətkar oldu?! Bu, nə dərəcədə ədalətlidir? Bu boyda cinayət edənləri aparıb oturdublar Azərbaycan Milli Elmlər Akademiyasında, bundan danışan yoxdur. Əvəzində düşüblər Əbülfəs Qarayev və xanımının üzərinə. Bura Bakıdır, o adamlar da bakılıdır, Bakı ziyalılarıdır. Əbülfəs indiyə qədər kimə güllə atıb, kimin gözünü vurub çıxarıb ki?”.
Pravda.az xəbər verir ki, bunu Azərbaycanın Xalq artisti, aktyor və rejissor Şeyx Əbdül Mahmudbəyov Azpolitika.info-ya müsahibəsində deyib. AMEA prezidenti Ramiz Mehdiyevi hədəfə alan Ə. Mahmudbəyov bildirib ki, vaxtilə Mehdiyevin Şah İsmayıl əsəri haqqında danışan zaman onu az qala düşmən elan etmişdilər. “Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olmağa ixtiyarı yoxdur.
Çünki gərək əvvəl bütün baş verən hadisələrə, məsələlərə aydınlıq gətirilsin, bilinsin ki, kim-kimdir. Ondan sonra qərar verilsin. Bəyəm AMEA cərimə batalyonudur? Mən Ramiz Mehdiyevi tanımıram, salam-kəlamım da olmayıb. Əməllərini də hamı bilir. Bunları qoyduq bir kənara.
Mədəniyyət Nazirliyi Azərbaycanda ən zəif, imkansız, döyülüb-söyülən və üzr istəyirəm, dilənçi nazirlikdir. Baxın, klublar itin günündə, mədəniyyət evləri də o gündə. Kinoteatrlar da həmçinin. Şəhərin mərkəzində 2-3 kinoteatrı özəlləşdirdilər, çoxu oldu kafe-restoran. Şəhərin küçələri hamısı kafe, restoran, bardır, hırraxanadır. Xaricilər kef edir. Bunların hamısı varsa, onda eyibimizə kor olaq. Və heç olmasa, Qara Qarayevin, Səməd Mənsurun, Tofiq Kazımovun nəvələrinə sataşmayaq. Ən azı ona görə ki, sataşanda baxaq görək bizim buna mənəvi haqqımız çatırmı?