Etirazlardan sonra "Ayıq sürücü" filmində dəyişikliklər edilib, ekran işindən Bakının Xəzər rayonu Buzovna qəsəbəsinin adı çıxarılıb və yeni versiyası yayımlanıb. Bunu Teleqraf-a açıqlamasında filmin ssenari müəllifi Əli Ucal deyib.
Onun sözlərinə görə, "Ayıq sürücü"nü çəkərkən kimisə təhqir etmək niyyətləri olmayıb, amma oradakı bəzi fikirlər Buzovna sakinlərinin narazılığına səbəb olub. Ə.Ucal bildirib ki, filmi ərsəyə gətirən heyət təhqir edilib, təhdidlərlə üzləşiblər:
"Ötən gün axşam saatlarında "Koroğlu" metrosunun qarşısında filmdə iştirak edən iki aktyora (Rasəf Mehdiyev və Səmimi Fərhad) hücum olub. Bir qrup şəxs onların yolunu kəsərək, filmdə Buzovna qəsəbəsinin, xüsusilə də orada yaşayan qadınların təhqir olunduğunu iddia ediblər. "Siz bizi, qəsəbəmizi və qadınlarımızı təhqir etmisiniz, buna görə cavab verəcəksiniz" - deyə təhdid ediblər.
Yaxınlıqda olan vətəndaşların müdaxiləsi nəticəsində hadisənin böyüməsinin qarşısı alınıb və aktyorlar hadisə yerindən uzaqlaşdırılıb. Bu insidentdən sonra aktyorlar həyatlarını qorumaq və təhlükəsizlik məqsədilə xarici görünüşlərini dəyişdiriblər - bığ və saqqallarını qırxıblar".
.png)