"Özümü heç vaxt məşhur hiss etməmişəm. Sadəcə, tanınmış müğənniyəm. Ulduz deyiləm. Təbiətimdə ulduzluq yoxdur. Müğənni var ki, üç dəfə efirə çıxır və özünü ulduz hesab edir. Məktəbdə oxuyurdum, artıq məni tanıyırdılar. Gözümü açandan evimizdə kameralar, çəkilişlər görmüşəm. Məni tanıyanda, narahat oluram. Dünyaşöhrətli müğənnilər çox sadə olurlar. Tərbiyəli insan belədir. Pafosluq içiboşluqdandır. İnsan var, baxıram, illərdir oxuyur, tanınmışdır, amma səs yoxdur. İçəri girəndə özünü elə təqdim edir ki, sanki ulduzdur. Kənardakılar elə bilir ki, akademikdir".
Pravda.az-ın xəbərinə görə, bunu Əməkdar artist Sevda Ələkbərzadə "Ağ-qara" verilişində deyib. Müğənni özünü ulduz kimi aparan həmkarlarını qınayıb.
Ələkbərzadə özü ilə bağlı maraqlı etiraflar edib:
"Kənardan güclü görünürəm, amma deyiləm. Düşünmüşəm ki, prinsiplərimə "əlvida" demişəm. Amma zaman keçir, görürəm ki, yox, edə bilmirəm. Hərdən hətta küsülü olduğum adamla öpüşüb-görüşmüşəm. Sonra xatırlamışam ki, axı mən onunla danışmırdım. Kinli və paxıl deyiləm. İntiqam hissi ilə yaşaya bilmərəm. Bu məni boğar. İçim işıqlı olmalıdır. Onsuz yaşaya bilmərəm. İnsanın böyüklüyü bağışlamağı bacarmağıdır".
Sevda daha sonra "Hərdən istədiyini ala bilmirsən, bezirsən. Demişəm, daha oxumayacam və iki-üç ay çəkilmişəm kənara. Sonra anlayıram ki, axı bunsuz yaşaya bilmərəm. Düşünürəm ki, hər şeyi düz etmişəm. On il əvvəl oxuduğum mahnıları insanlar indi anlayırlar" sözlərini əlavə edib.