Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Azay Quliyev ATƏT PA-nın Daimi Komitəsinin onlayn iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı çıxış edib.
Pravda.az-ın xəbərinə görə, ATƏT PA-nın intensiv şəkildə onlayn görüşlər keçirməsinin çox xoş olduğunu deyən Azay Quliyev prezident Tsereteli və Baş katib Montellaya müntəzəm müzakirələr üçün vacib bir platforma təşkil etdiklərinə görə minnətdarlığını bildirib. ATƏT PA-nın vitse-prezidenti çıxışında üç onillikdən çox bir müddətdə davam edən və ATƏT məkanındakı ən ciddi və təhlükəli münaqişə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra vacib məqamlara toxunub. Azay Quliyev deyib ki, bütün bu illər ərzində göstərilmiş uğursuz beynəlxalq səylərdən və Azərbaycanın Ermənistan ilə nəticəyə yönəlmiş danışıqların aparılması məqsədilə etdiyi müvəffəqiyyətsiz cəhdlərindən sonra vəziyyət yenə də gərgin və təhlükəlidir: “Hazırkı vəziyyət Ermənistanın qeyri-konstruktiv və təxribatçı addımları səbəbindən hərbi eskalasiya üçün real bir riskin olduğunu açıq-aşkar şəkildə göstərir. Assambleyaya bu məsələ ilə bağlı məlumat vermək istəyimin də səbəbi məhz budur. Mövcud tendensiyaları tam başa düşmək üçün sizi son 4 ayda baş verən hadisələrin xronologiyasına nəzər salmağa dəvət edirəm.
2020-ci ilin mart-aprel aylarında Ermənistan işğal etdiyi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT PA tərəfindən qəti şəkildə rədd edilərək tənqid olunan qanunsuz "seçkilər" şousunu keçirir.
Burada belə bir sual yaranır: Ermənistan bu qınaqlardan hansısa dərs ala bildimi?
Heç də yox, çünki artıq 2020-ci ilin aprelində Ermənistanın siyasi rəhbərliyi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun münaqişənin mərhələli qaydada həlli ilə bağlı bəyanatını açıq şəkildə tənqid etdi. Ermənistan həqiqəti qəbul etmək əvəzinə status-kvonu qorumaq və sülh danışıqlarına mane olmaq üçün sonsuz cəhdlərini davam etdirir.