Milli Məclisin deputatı Musa Quliyev pensiya yaşının azaldılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.
Pravda.az xəbər verir ki, o, Bizim.Media-ya açıqlamasında bu məsələnin hazırda reallığı əks etdirmədiyini bildirib.
“Bütövlükdə pensiya yaşının aşağı salınması məsələsi gözlənilmir. Dünyada da elə bir ölkə yoxdur ki, pensiya yaşının aşağı salınması ilə bağlı ciddi müzakirələr getsin. Çünki insanların orta ömrü uzanıb. Hazırda 65 və daha yuxarı yaş həddi əmək qabiliyyətli sayılır”, - deyə deputat qeyd edib.
Musa Quliyev bildirib ki, bəzi vətəndaş kateqoriyaları üçün isə güzəştli pensiya hüququ nəzərdə tutulur:
“Amma ayrı-ayrı kateqoriyaya aid olan vətəndaşlar var ki, onlar daha güzəştli yaş şərti ilə pensiyaya çıxa bilirlər. Məsələn, beş və daha çox uşağı olan analar, əlil uşağı 18 yaşına qədər böyütmüş analar, ağır və təhlükəli şəraitdə çalışan şəxslər bu siyahıya daxildir. Ümumilikdə təxminən 200 minə yaxın vətəndaş güzəştli pensiya hüququndan yararlanır”, - deyə o, bildirib.