Bir neçə aydır ölkədə koronavirus pandemiyasına qarşı tədbirlər görülür. Təəssüf ki, atılan addımlar ilkin mərhələdə yoluxma sayının dinamikasına müsbət təsir etsə də, bu gün yoluxma sayında yenidən artım müşahidə edilir. Hər gün 500 nəfərdən çox insan koronavirusa yoluxur.
Səhhətində virusun ilkin simptomlarını hiss edən insanlar isə ya COVID-19 testi verməyə tələsir, ya da kompüter tomoqrafiyasına (KT) müraciət edir. Elə bu səbəbdəndir ki, bu gün KT müayinəsinə müraciət edən insanların sayı xeyli artıb.
Bəs görəsən, insan hər xırda şübhəyə görə KT müayinəsinə müraciət etməlidirmi? Həmin müayinə əsnasında insan bədəninin məruz qaldığı şüalanma başqa xəstəliklərə yol aça bilərmi? Bəs “buzlu şüşə” sindromu dediyimiz hal əslində nədir? Bu və digər suallarımıza həkim-radioloq Emin Məmmədov cavab verib.
Oxu.Az Mərkəzi Gömrük Hospitalının həkim radioloqu Emin Məmmədovla müsahibəni təqdim edir:
- COVİD-19 şübhəsi olan xəstələrin döş qəfəsinin rentgenoqrafiyası və KT müayinəsi tövsiyə olunur. Müayinə zamanı hansı nəticələr koronavirusa yoluxmanı təsdiq edir?
- COVID-19 infeksiyasının diaqnostikasında kompüter tomoqrafiyasının (KT) nəticələrində “buzlu şüşə” sindromunun mövcudluğu ən önəmli faktordur. “Buzlu şüşə”nin hər iki ağciyərin aşağı payında və periferik yerləşməsi diaqnozun qoyulmasında böyük rol oynayır. Koronaviruslu xəstələrin təxminən 90 faizində həmin sindromla rastlaşırıq.
- Bu gün hər kəsi qorxudan “buzlu şüşə” diaqnozudur. Yalnız bu diaqnoz insanda COVID-19-a yoluxmanı təsdiq edirmi? “Buzlu şüşə” hər zaman koronavirus deməkdir?
- Bilirsiniz, “buzlu şüşə” görüntüsünün aşkarlanması təkcə koronavirus infeksiyasına xas olan spesifik məqam deyil. Əslində, “buzlu şüşə” qeyri-spesifikdir. Bir çox xəstəliklər var ki, onların diaqnostikası zamanı bu mənzərə ilə qarşılaşa bilərik. Bu sindrom həm infeksion xəstəliklərdə, həm ağciyər ödemində və digər bir sıra xəstəliklərdə müşahidə edilir. Eyni zamanda, ağır travmadan sonra zədələnən ağciyərdə qansızma olduqda, bu da KT müayinəsi zamanı “buzlu şüşə” kimi görünə bilir. Bu misalı ona görə çəkirəm ki, KT müayinəsində “buzlu şüşə” görüntüsü olan adama 100 faiz “koronavirusa yoluxub” deyə bilmərik. Ona görə də, burada əsas məsələ “buzlu şüşə” mənzərəsi ilə yanaşı, xəstənin anamnezini, klinik və laborator müayinələrinin nəticələrini kompleks şəkildə incələmək və dəyərləndirməkdir. Yalnız xəstənin ümumi müayinələrinin nəticələri qiymətləndirildikdən sonra yekun diaqnoz qoyub, onun COVID-19-a yoluxub-yoluxmadığını demək mümkündür.
- Ümumiyyətlə, “buzlu şüşə” mənzərəsi daha sadə dildə necə izah oluna bilər?
- Bu gün daha çox koronavirusun diaqnostikası zamanı qarşılaşdığımız “buzlu şüşə” mənzərəsi vətəndaşlar tərəfindən qəribə qarşılanır. Buna bəzən “buzlu şüşə” sindromu da deyirlər, “buz kristalı”, “buz parçası” da adlandırırlar. Bu ad insanlarda təlaş, narahatlıq yaradır. Amma bu halın tibbi cəhətdən izahı KT müayinəsi zamanı ağciyərlərin bulanıq görünməsidir. Hazırda “buzlu şüşə” görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir.
Çünki normalda müayinə zamanı ağciyərlər tam şəffaf, havalı görünür. Ağciyərlərin görüntüsü yarımşəffaf, bulanıq, sanki dumanlı formada izlənildiyində isə buna “buzlu şüşə” mənzərəsi deyirik. Amma bu zaman ağciyərlərin strukturu, pulmonar damarlar, bronxlar aydın müşahidə edilə bilir.
- Həkimlərdən biri COVID-19 infeksiyasının hətta xərçəngə səbəb ola biləcəyini də qeyd etmişdi. Bu ehtimal neçə faiz gerçəkdir?
- Bu məsələ hələ ki, öz təsdiqini tapmayıb. Koronavirus yeni infeksiya olduğu üçün onun gələcəkdə hər hansı başqa xəstəliyə çevrilə bilmə ehtimalını demək tezdir. Bu barədə fikir söyləmək üçün müəyyən qədər fakt olmalıdır. Bildiyim qədərilə nə bizim ölkədə, nə də digər ölkələrdə bu barədə hər hansı hal aşkarlanmayıb. Bu gün COVID-19 virusu özü araşdırılır. Onun gələcəkdə hər hansı başqa xəstəliklərə çevrilə biləcəyi ilə bağlı bir çox ehtimallar səsləndirə bilərik. Amma bunlar sadəcə fərziyyədir, çünki həmin informasiyalar elmi cəhətdən təsdiq edilməyib. Bu kimi ehtimallar insanlar arasında əsassız təşvişə səbəb ola bilər.
- Bildiyimiz kimi, KT müayinəsi də müəyyən qədər şüalanmadır. İnsanlar ehtiyat məqsədilə müayinədən keçməyə can atır. Bu qarışıqlıqda əlavə şüalanma orqanizmdə hansı fəsadlara yol aça bilər? KT müayinədən keçən şəxs növbəti dəfə hansı müddətdən sonra təkrarən bu müayinədən keçməlidir? Arada konkret olaraq fasilə müddəti nə qədər olmalıdır?
- Bu barədə hər bir xəstəyə və hər bir xəstəliyə fərdi yanaşılır. Vəziyyətdən asılı olaraq protokoldan kənaraçıxma halları olur. Məsələn, xəstənin vəizyyəti qəflətən kəskinləşirsə və mövcud vəziyyətin qiymətləndirilməsi üçün KT müayinəsi zəruridirsə, bu zaman dərhal tətbiq edilir. Bu zaman artıq nəzərə alınmır ki, iki həftə ərzində həmin xəstənin ikinci və ya üçüncü KT müayinəsidir. Həyati zərurət olduqda müayinələrin sayı ikinci plana keçir.
Ümumiyyətlə, Böyük Britaniyanın səhiyyə sistemində KT müayinəsi ilə bağlı illik doza üzrə normativ təyin edilib. Həmin normativə əsasən, il ərzində bir xəstənin bədənindən keçə biləcək radiasiyanın maksimum dozası 20 millizivert (mSv) təyin edilib. Bu illik doza çərçivəsində şüalanma insana heç bir mənfi təsir göstərmir. Amma KT müayinələri arasında şüalanma dərəcəsi də fərqlidir. Məsələn, döş qəfəsinin bir KT müayinəsində insan bədəni 7 mSv rentgen şüası alır. Beynin KT müayinəsi zamanı isə pasiyentin bədəni 2 mSV rentgen şüası qəbul edir. Yəni il ərzində bir pasiyent 3 dəfə döş qəfəsi KT çəkdirsə və ya 10 dəfə beyin KT etdirsə, bədənin normativ üzrə ala biləcəyi rengen şüasını almış olur.
Amma bu, o demək deyil ki, il ərzində normativdən artıq beyin KT mayinəsindən keçmək olmaz. Odur ki, belə məsələlərlə bağlı təşvişə düşmək lazım deyil. Sadəcə, illik normativ şüanı almış pasiyentlərin gələcəkdə digər insanlardan fərqli olaraq, onkoloji xəstəliklərə tutulma ehtimalı çox az, cəmi 0,14 faiz artır.
- KT müayinələri orqanizmdə mövcud olan hər hansı xəstəliyin gedişatını sürətləndirə bilirmi?