“Azərbaycanda aldığı qərarlara görə Türkiyə dövlətinə yol göstərənlərin sayı xeyli artıb. Liviyaya girişi doğru deyil, Suriyada nə işi var, Avropa Birliyi ilə niyə höcətlik edir, Rusiyadan hava müdafiə sistemləri almasına nə ehtiyac duyulurdu və s. bu kimi ərzi-iradlar səsləndirilir. Yaxud da həddən artıq Türkiyəpərəstlik, yaxud da Ərdoğanpərəstlik edib hər şeyin doğru olduğuna özünü inandırmışların həmrəyliyi ilə rastlaşırsan. Bütün bunlara bizdə deyərlər “kənar adamın məsləhətləri"... Bir maraqlanın görək qosqoca Türkiyə dövlətinin sənin, mənim məsləhətimə özəl ehtiyacı varmı? Yaxud da bizim Azərbaycandan dəstəyimizin təsir günü nə qədər prosesləri irəli aparmaq gücündədir? Burada sadə məntiq budur: Türkiyə müstəqil, güclü və ənənələri olan şəxsiyyətli dövlətdir. Öz daxilində və xaricində istənilən məsələni həll edərkən dövlət maraqlarını yüz dəfə ölçüb biçərək addım atır. Aya Sofiyaya münasibət də Türkiyənin həm də siyasi məsələsidir”.
Fazil Mustafa: “Bir maraqlanın görək Türkiyənin sənin, mənim məsləhətimə ehtiyacı varmı?”
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa deyib.
F.Mustafanın sözlərinə görə, kənardan diqtə edirlər ki, bu muzey olaraq qalsın: “Türkiyə dövləti də deyir ki, bizimlə təzyiq dilində danışa bilməzsiniz, biz bütün dinlərə hörmətlə yanaşırıq, yunanın da, erməninin də İstanbulun göbəyində kilsələri var, yəhudinin sinaqoqu var, Aya Sofiyanı da Konstantinopolu İstanbula çevirən babamız Fateh Sultan Mehmet necə görmək istəyibsə, biz də o cür görürük. Burada İstanbulda ibadət yerinin çox və ya az olması nöqteyi nəzərindən məsələyə baxılmamalıdır, Türkiyənin öz suveren ərazisində siyasi hegemonluğunun təsdiqi kimi baxılmalıdır. Bu qərardan narazı qalanlar, əlbəttə, olacaqlar, ancaq bunlar kimlərdir? Hələ də İstanbul sözünü dilə gətirməyib rəsmi sənədlərdə Konstantinopol sözünü qəsdən işlədənlər. Öz ölkələrində islamafobiyanın yayılmasına rəvac verənlər. Bu səbəbdən də məsələyə qardaş Türkiyənin daxili işi kimi baxmalı, alınan qərara hamımız sayğı ilə yanaşmalıyıq. Burada bizin arzularımızdan söhbət gedə bilər. Yəni əgər "bu məbədi necə görmək istərdiniz" sualına cavab verməli olsaydıq, mən "məscid-muzey" kimi görmək istədiyimi dilə gətirərdim. Həm ibadət yeri kimi, həm də daxildən-xaricdən gələn ziyarətçilər üçün bir tərəfindən də muzey kimi istifadə olunmasının daha maraqlı ola biləcəyini düşünürəm”.