"Gənclik" Könüllü Tələbə İdman Cəmiyyəti İctimai Birliyinin sabiq sədri, fəxri bədən tərbiyəsi və idman işçisi Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb. Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, T.Xanəliyev 70 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. Sözügedən cəmiyyətin əsas məqsədi tələbə və gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafına dəstək vermək olub. Təqsirləndirilən şəxsin idman tədbirləri və yarışlar üçün ayrılmış pulları şəxsi mənafeyinə sərf etdiyi iddia olunur.
O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.