İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) istehlak bazarında aksiz markası ilə markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış məhsulların istehsalı və satışının qarşısının alınması istiqamətində vergi nəzarəti tədbirlərini davam etdirir.
Bu barədə DVX-dən bildirilib.
2025-ci ilin iyul - avqust aylarında Dövlət Vergi Xidməti tərəfindən müxtəlif sahibkarlıq subyektlərində həyata keçirilən əməliyyat və operativ vergi nəzarəti tədbirləri nəticəsində külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlanaraq dövriyyədən çıxarılıb. Belə ki, Bakı şəhəri, Binəqədi rayonunda Tanrıverdiyev Hüseyn Allahverdi oğluna məxsus satış obyektində 840 ədəd, Abşeron rayonu, Xırdalan şəhərində Bağırov Asif Vasil oğluna məxsus satış obyekti və anbarında 1.491 ədəd, Abşeron rayonu, Mehdiabad qəsəbəsində Osmanov Kamran Mair oğlunun və Rəsulov Orxan Valeh oğlunun satış obyektlərində müvafiq olaraq 383 və 169 ədəd, Qusar rayonunda “P1ONEER” MMC-yə aid anbarda və Aydınov Fətulla Abdulla oğluna məxsus satış obyektində müvafiq olaraq 3.012 və 608 ədəd, Göyçay rayonunda isə Məmmədov Elvin Əlövsət oğluna məxsus satış obyektində 49 ədəd olmaqla ümumilikdə 6.552 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlanaraq götürülüb.