“Əkin sahələrinin müasir texnologiyalar əsasında suvarılmasına böyük ehtiyac var. Xüsusilə nəzərə alsaq ki, indi biz suya qənaət etməliyik. Ona görə biz bu işlərə xarici mütəxəssisləri cəlb etməliyik. İndi komissiya bu məsələ ilə məşğul olsun və eyni zamanda, biz gərək sahibkarları da həvəsləndirək. Yəni, sahibkarlar üçün həvəsləndirici addımlar atılmalıdır ki, onlar bu müasir texnologiyalara daha da yaxından cəlb olunsunlar”.
Pravda.az xəbər verir ki, bu fikirləri iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
“Ola bilər güzəştli kreditlər, yaxud da ki, hansısa imtiyazlar xətti ilə ki, təkcə dövlət öz üzərinə götürməsin. Onsuz da biz lazımi infrastruktur məsələlərini həll edəcəyik. Amma bu, sahibkarların özləri üçün də bir motivasiya yaratsın ki, müasir texnologiyalardan istifadə etsinlər. Burada, əlbəttə, maarifləndirmə işi aparılmalı, təqdimatlar keçirilməlidir, sahibkarlar görsünlər ki, əgər bu texnologiyadan istifadə edəcəklərsə, onda dövlətin güzəştləri nə olacaq və deməli, məhsuldarlıq nə qədər artacaq”-deyə, Dövlət başçısı bildirib.